Məhkəmə qərarları › İş №3(012)-3312/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3312/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3312/2025 17.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 262.3-cü maddələri ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X3 "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında "xxxx" MMC-də su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması və müəssisənin fəliyyəti zamanı formalaşan tullantı sularının ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMCyə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında "xxxx" MMC-də su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması və formalaşan tullantı sularının ətraf mühitə axıdılması faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" MMC-də su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması və formalaşan tullantı sularının ətraf mühitə axıdılması faktına rast gəlinmişdir. İş materiallarında bir ədəd DVD disk məhkəmə iclasında tədqiq olunmuş və həmin video görüntüyə əsasən "xxxx" MMC-də protokolda qeyd edilmiş inzibati xətanın törədilməsi faktı təsdiqini tapmışdır. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən sonuncu həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 262.2.3- cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; 262.3- cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən tullantı sularının ətraf mühütə, çölə axıdılması, sayğacdan kənar sudan istifadə faktı aşkar edilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və sonuncu törətdiyi inzibati xətaya görə hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 12.1 -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21 -ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2- ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3- cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3- cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 84.1 -ci maddəsinə əsasən "İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona həmin Məcəllənin 262.3-cü maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 262.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyası çərçivəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar