Məhkəmə qərarları › İş №3(012)-332/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-332/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-332/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Abşeron rayon Pİ-in sahə rəisi Cavanşirzadə Kənan bəy Kərəm oğlunun, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və onun müdafiəçisi vəkil X1 iştirakı ilə, xx.xx.2002-ci ildə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şamaxı rayonu, Mərzəndiyə kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Füzuli küçəsi, fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Mehdiabad PB-si tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01 radələrində, Abşeron rayonu, Masazır qəsəbəsində, xidmət aparan DYPŞ-in əməkdaşı tərəfindən sənədlərini təqdim etməsini tələb etdiyinə görə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmaqla, xırda xuliqanlıq etmiş, polis əməkdaşının onu sakitləməyə dəvət etməsinə etiraz edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in sahə rəisi Cavanşirzadə Kənan bəy Kərəm oğlu tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, DYPŞ-in əməkdaşları tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə məclisdən evə gələrkən qohumu içkili olduğundan sonuncuya məxsus avtomobili idarə etmişdir. Masazır qəsəbəsində rayon DYPŞ-in əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı sənədlərini təqdim etməsini xahiş etdikdə ona etiraz etmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixli gecə saatlarında xidmətdə olarkən **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq sistemindən düzgün işləmədiyinə görə saxlanılmış, avtomobilin sürücüsünə yaxınlaşaraq, özünü təqdim etdikdən sonra sənədlərini təqdim etməsini xahiş etmişdir. Həmin vaxt sürücü yanında oturan sərnişin etiraz edərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı sürücü ucadan nalayiq ifadələr işlətmiş, sakitləşdirməyə calışarkən sürücü dahada aqressivləşərək, öz hərəkətlərini davam etdirmişdir. Daha sonra raportla RPİ-nə müraciət etmişdir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli, 2/5634 saylı tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:30-da müayinə olunarkən onda alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İnizbati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00-də inzibati qaydada tutulmuşdur. Video görüntüdən görünür ki, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün DİN-in DYPŞ-in əməkdaşı ilə mübahisə etməsi, polis əməkdaşının sənədlərini təqdim etməsini tələb etməsinə sürücü etiraz edərək ucadan səs-küy salmağa daha sonra ucadan nalayiq ifadələr işlətməsi, sürücünü nizam-intizama dəvət edərək, səs tonunun aşağı salamasını, sakitləşməsini tələb edən polis əməkdaşı ilə mübahisə etməsi öz əksini tapır. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2025-ci il tarixdə, saat 03:00-dən xx.xx.2025-ci il tarixdə, saat 16:10-dək tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut bir ədəd disk iş materiallarında saxlanılmalı, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, Şəxs barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd SD disk iş materiallarında saxlanılsın. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili X2 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar