Məhkəmə qərarları › İş №3(012)-3324/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3324/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3324/2025 08.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1977-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta\ təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Abşerun Rayon 1 saylı Notariat Kontorunun 8İ-17927 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Şəxs 3000 manat və 25 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. Borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, Abşerun Rayon 1 saylı Notariat Kontorunun 8İ-17927 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Hazırda icra vərəqəsi üzrə borc 2670 manat təşkil edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, məhkəmə qərarına hörmətlə yanaşır, maddi vəziyyəti ilə bağlı borcunu ödəyə bilməmişdir. İndiyədək borcundan 330 manat pul ödəmişdir. Tələbkara olan borcunu hiss-hissə ödəyə bilər. Əməlindən peşmançılıq çəkir.. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs məhkəməsinin icra vərəqəsi ilə qət edilmiş borcunu indiyədək tam ödəniş etməmişdir. Borcluya vaxt verilməsinə etiraz edir, dəfələrlə borcunu ödəməsini tələb etsə də Ramil onun dediklərinə məhəl qoymur, yalançı vədlər verməklə onu aldadır. Pulunu tələb edir. Buna görə də onun barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin məhkəmə qətnaməsinə hörmətlə yanaşmasını, onun maddi imkanı olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxsnın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar