Məhkəmə qərarları › İş №3(012)-333/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-333/2021

16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-333/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi ilə xx.xx.1963-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair BDYPİ-in Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 10:59-da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, Abşeron rayonu, Z.Əliyeva küçəsi, döngə 08-də «TOYOTA LAND CRUİSER» markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 725 saylı X1 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 17:50-da müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması X1 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Qobustan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar