Məhkəmə qərarları › İş №3(012)-334/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-334/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-334/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, şikayətçi X6 nümayəndəsi X4, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi tərəfindən qəbul edilmiş qərarından X6 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X9 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida X2 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş istehlakçıların hüquqlarının və ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərinin yerinə yetirilməsi barədə 01 oktyabr 2019-cu il tarixli MN ******* saylı qərarın qanunsuz olduğu üçün ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2018-ci ildə Xızı rayonu Sitalçay kəndində əldə etdiyi fermanı 8 ay ərzində təmir edərək külli miqdarda vəsait xərcləyərək ən son tələblərə uyğun yemləmə, sulama, işqlandırma, isitmə və soyutma sistemləri quraşdıraraq həmin ilin noyabr ayında fəaliyyətə başlamışdır. Fəaliyyətdən öncə Azərbaycan Respublikası Qida Agentliyinə (bundan sonra AQTA) qeydiyyat üçün müraciət etmiş və Qeydiyyat Şəhadətnaməsi almışdır. 29.04.2019-cu il tarixində AQTA-nın Yoxlama aparılması haqqında QTŞ-060 saylı Qərarı ilə plandankənar yoxlama başlanılmış, 01.05.2019-cu il tarixli QTŞ-060 saylı yoxlama aktı 1 həftədən çox müddət keçdikdən sonra AQTA-nın Sumqayıt filialından zəng edərək oradan oradan götürülməsini söyləmişlər. Aktda yem anbarının istehsalat sahəsindən ayrılması və işçilərin tibbi müayinədən keçirilməsi nöqsanları qeyd olunmuş, yoxlamanın nəticəsi kimi heç bir qərar təqim olunmamış və nöqsanların aradan qaldırılması müddəti bildirilməmişdir. Broyler yetişdirilməsi 40 gündə başa çatdığı üçün və quşlar satıldığı üçün bir müddət fəaliyyət göstərilmir. Həmçinin 30.05.2019 tarixində fəaliyyətini bitirərək yay aylarında ümumiyyətlə fəaliyyətini dayandırmışdır. 15.07.2019-cu il taixində yenidən AQTA-dan zəng edərək fermada olduqlarını və X6 ora gəlməsini israr etmiş, X9 fermanın fəaliyyət göstərmədiyini söyləsə də fermaya gəlməsini israr etmiş və o,2 saat erzindo gələcəyini söyləyərək fermaya getmişdir. 15.07.2019-cu il tarixində yoxlama yerində MN ******* saylı X8 Protokol tərtib olunaraq işə baxılması haqqında məlumatlandırılacağını söyləmişlər. Protokolda plandankənar yoxlamanın suallarına aidiyyatı olmayan bir maddə yəni, İXM 544.2-ci maddəsi- “İstehlakçıların hüquqlarının və ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsi” tətbiq olunmuşdur. 23.09.2019-cu il tarixində poçt vasitəsilə 26.08.2019-cu il tarixli İnzibati xətalar haqqında işlər üzrə bildiriş göndərilmiş,. bildirişdə 26.07.2019-cu il tarixində İXMnin 544.2-ci maddəsi ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi bildirilmişdir. Sonda İXM-nin 544.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qüvvəyə minməsinə dair işə baxılmasında iştirak etmək üçün 26.09.2019-cu il tarixində saat 10:00-da AQTA-ya dəvət olunmuşdur. 26.09.2019-cu il cu il tarixindəki işə baxılma üzürlü səbəblərdən 30.09.2019-cu il tarixinə təxirə salındı. İşə baxılmada X9 30.05.2019-tarixindən fermanın fəaliyyət göstərmədiyini həmçinin işçi olmadığı üçün sağlamlıq haqqında arayış tələbinin əsassız olduğunu, yem saxlanması üçün anbarın hazır olduğunu və həmçinin plandankənar yoxlamanın mahiyyəti üzrə aparılmadığmı, istehlakçı hüquqlarının və ticarət qaydalarının nə zaman pozulduğunun əsaslandırılmadığını söyləmişdir. 07.10.2019-cu il tarixində poçt vasitəsi ilə 01.10.2019-cu ildə qəbul edilmiş 15.07.2019-cu il tarixli MN ******* saylı protokola baxılaraq İXM-nin 544.2-ci maddəsinə əsasən qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Buna görə də qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Qida X1 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X3 01.10.2019-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 nümayəndəsi X7 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Qida X2 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X3 01.10.2019-cu il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Buna görə də, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, nöqsanların aradan qaldırılması barədə şikayətçiyə bildiriş göndərilmişdir. 30 gün müddətində nöqsanın aradan qaldırılması üçün vaxt verilmişdir. Lakin nəticə olmamışdır. Hasar çəkilməmiş, gigiyenik qaydalara əməl olunmamış və işçilərin geyim otağında qaydalara əməl olunmamışdır. Buna görə də protokol tərtib olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası Qida X1 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş qərardan verdiyi şikayət təmin edilməmiş, həmin qərarlar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 17.09.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası Qida X1 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş qərardan verdiyi şikayət təmin edilmiş, MN ******* saylı, 01 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 27.01.2021-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində X8 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X8 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X8 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X8 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X8 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun vəsatətinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. 133.2.8-ci maddəsinə əsasən X8 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmədə müəyyən edilmişdir ki, 15 iyul 2019-cu il tarixdə X9 barəsində MN ******* saylı X8 Protokol tərtib olunmuş, həmin protokol əsasında 01 oktyabr 2019-cu il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni tarixdə, yəni 15 iyul 2019-cu ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işçiləri tərəfindən Sahibkarın obyektinə baxışın keçirilməsi haqqında QTS-099 saylı digər protokol tərtib edilmişdir. Protokolda hal-hazırda sahibkarın nümayəndəsindən başqa işçinin çalışmadığı və təsərrüfat müəssisəsinin fəaliyyət göstərmədiyi qeyd edilmişdir. 30.05.2019-cu il tarixdə fəaliyyətini dayandırmasına baxmayaraq 15.07.2019-cu il tarixli Sahibkarın obyektinə baxış keçirilməsi haqqında QTŞ-099 saylı protokolda da bunun əksini tapdığına baxmayaraq fəaliyyət göstərməyən obyektdə yoxlamanın nəticəsi kimi tərtib olunmuş, qanuni əsası olmayan MN ******* saylı protokol əsasında MN ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə məsuliyyət nəzərdə tutuir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sahibkar qeyd olunan tələblərin yerinə yetirilməsi üçün fəaliyyətini dayandırmış və bu hal protokolda da qeyd olunmuşdur. Məhkəmədə X6 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X8 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X8 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X6 Azərbaycan Respublikası Qida X2 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş istehlakçıların hüquqlarının və ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərinin yerinə yetirilməsi barədə MN ******* saylı, 01 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və barəsində olan X8 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X6 Azərbaycan Respublikası Qida X2 Hüquq, Kadr və icraya nəzarət şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş istehlakçıların hüquqlarının və ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən vəzifəli şəxslərin qanuni tələblərinin yerinə yetirilməsi barədə MN ******* saylı, 01 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar