Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-334/2024 09.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə, X1nun iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.7ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi verərək, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X4 tərəfindən saxlanılan zaman idarə etdiyi “Kia Sorento” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus olan hər iki nömrə avtomobildə olmuşdur. O avtomobili saxlanıldığı 02 fevral 2024-cü il tarixdə almış və adına rəsmiləşdirmişdir. Avtomobili rəsmiləşdirdiyi polis orqanından 600-700 metr uzaqlaşıb Sulutəpə dairəsində yerləşən Tosoil yanacaqdoldurma məntəqəsində yanacaq doldurarkən həmin polis əməkdaşı xidməti avtomobili ilə onun avtomobilinə yaxınlaşaraq onu mikrofonla öz idarə etdiyi avtomobilə çağırmışdır. Həmin vaxt avtomobilin hər iki nömrəsi ön şüşənin qarşısında görünən hissədə olmuşdur. Hər iki nömrəni ön hissədən görmək mümkün olmuşdur. O da həmin avtomobilə yaxınlaşaraq əyləşmiş, polis əməkdaşı ona bildirdimişdir ki, nömrəsiz avtomobil idarə edir. O avtomobili indi alaraq rəsmiləşdirdiyini bildirərək hər iki nömrəni ona göstərmişdir. Bildirmişdir ki, indi nömrələri bağlatdıracaq. Söhbət zamanı həmin polis əməkdaşı ona bildirmişdir ki, “görürəm ki, maşını təzə almısan, onda mənə “şirinlik” ver”. O isə bildirmişdir ki, üzərində 7 manat nağd pul vəsaiti vardır, istəyirsə 7 manatı versin. Ya da kart nömrəsi versin, həmin karta 20 manat atsın. Bu söhbətdən sonra Seymur adlı həmin polis əməkdaşı telefonla danışmağa başlamışdır. Onun telefonla danışdığını görüb xidməti avtomobildən düşərək öz avtomobilinə minmiş və Yanacaq doldurma məntəqəsindən çıxmışdır. Polis əməkdaşı yenidən onu mikrofon vasitəsilə saxlatmış, (bu hallar “Tosoil” YDM-nin kamera görüntüsündə də hər halda öz əksini tapmışdır. Oradan yanacaq doldurmağı ilə bağlı əldə etdiyi qəbzdə də tarix və saat göstərilmişdir. (xx.xx.2024-cü il tarix saat 15:22). Ona yenidən bildirmişdir ki, üzərində nağd pulu yoxdur. O isə bundan əsəsbiləşərək ona protokol yazacağını və onu 500 manat cərimə edəcəyini deyəndə polis əməkdaşına Qarabağ müharibə veteranı və təqaüddə olan polis mayoru olduğunu demişdir. Polis əməkdaşı ona “Ekologiya postunun yanında təmir sexi var, gedək orada nömrələri bağlayaq çıx get demişdir.”, lakin polis əməkdaşının məqsədi onu posta aparmaq olmuşdur. Belə ki, avtomobil təmir sexinin yanında qalmış, o həmin vaxt nömrələri bağlatdırmaq istəyərkən onu posta aparmışlar. Postda olan polis əməkdaşları da vəziyyəti öyrəndikdə onu posta gətirən polis əməkdaşına etdiyi qanunsuz və qeyri etik hərəkətə görə məzəmmət etdilər. Bundan sonra isə Seymur ona bildirmişdir ki, onsuz da ona protokol yazacaqdır. Ona görə də, post patrul əməkdaşları dəvət etmiş, həmin post patrul əməkdaşları onu Abşeron Rayon Polis idarəsinə aparmışlar. Abşeron Rayon Polis İdarəsində onu saat 20:00-a dək saxlamış və daha sonra buraxmışlar. O avtomobilini götürmək üçün Ekologiya postuna yenidən yaxınlaşarkən ona bildirilmişdir ki, avtomobili Saray postunun yanında yerləşən cərimə meydançasına yerləşdirilmişdir. Növbəti gün o yenidən Ekologiya postuna gəlmiş, postda 1-ci otaqda İlqar müəllim adlı mülki geyimli şəxs onu qəbul edərək bildirmişdir ki, şikayətin varsa get şikayət elə şikayətin təmin ediləndən sonra gəlib maşınını götürərsən. O otaqdan çıxdıqdan sonra postda olan başqa polis əməkdaşının məsləhəti ilə yenidən İlqar adlı şəxsin otağına daxil olaraq şikayətinin olmadığı bildirmişdir. Bundan sonra isə onun şikayətinin olmaması barədə öz telefonları vasitəsilə video çəkiliş etmişlər. İlqar adlı şəxs ona bildirmişdir ki, şükr eləki səni 500 manat yox 100 manat cərimə yazıblar. O bundan sonra otaqdan çıxıb Saray yolundakı duracağa gəlmişdir. Orada avtomobilə baxan zaman görmüşdür ki, avtomobilin sağ arxa krilosunda sıyrıntı izləri vardır. O bu barədə orada işləyən şəxslərə bildirdikdə dedilər ki, avtomobil bizə belə təhvil verilib və biz bu barədə akt tərtib etmişik. Orada ondan evakuator xidmətinə görə 35 manat orada dayanmağa görə isə 2 manat məbləğində olmaqla, cəmi 37 manat məbləğində pul alınmışdır. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ilə razı deyil, qəbul edilmiş qərarın özü İXM-in tələblərinə cavab vermir. Ona görə də, şikayətin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana - DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2024-ci il tarixində, saat 15:20-də “KİA SORENTO” minik markalı 77RG577 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi üçün barəsində İXM-in 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-in 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun X5 barəsində başlanılmasının səbəbi xx.xx.2024-ci il tarixində, saat 15:20-də “KİA SORENTO” minik markalı 77RG577 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanları olmadan idarə etdiyi ilə bağlı olmuşdur. Halbu ki, məhkəmə iclasında 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda sürücü X5 tərəfindən törədilməsi iddia edilən İXM-in 342.7-ci maddəsinin dispozitiv şərtləri ümumi olaraq göstərilmiş, lakin sürücünün avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etməsini foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini təmin etməmiş və bu barədə tərtib edilmiş protokolda qeydlər aparılmamışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmadan, heç bir tutarlı sübuta əsaslanmadan 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Bunadan başqa, aşkar olunmuş inzibati xətaya dair tərtib olunmuş protokola baxılması zamanı qeyd edilən qanun normalarına əməl edilməsi təmin edilsə idi, X3 şikayətində qeyd etdiyi dəllərdə göstərilən nəticə ilə, DYP əməkdaşının tərtib etdiyi inzibati xəta haqqında protokola müəyyən edilən sürücünün avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə etməsini ziddiyyətli olub-olmaması müəyyən edilə bilərdi, yəni mübahisənin mövcudluğunun müəyyən edilməsi halında mütləq şəkildə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun Qaydalarına uyğun araşdırma aparılmalıdır. Lakin iş materialları ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşması halı müəyyən edilmir. Həmçinin dəfələrlə təklif edilməsinə baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin yalnız öz subyektiv mülahizələrinə əsasən X3 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh etmə qərarı qəbul etmişdir. Mülahizələr isə inzibati xətalara baxılarkən sübut kimi qəbul oluna bilmir. Bununla da, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76-cı maddəsinə əsasən isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edilir. 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin olunaraq, mübahisələndirilən qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə. QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin 02 fevral 2024-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarı əsasında Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-334/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-334/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver