Məhkəmə qərarları › İş №3(012)-3360/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3360/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3360/2025 09.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nict Rufulla oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlunun və onun müdafiəçisi, Vəkil iştirakları ilə, xx.xx.1969-ci il tarixdə İran İslam Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Şəxs Vilayət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Vilayət oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3231/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Vilayət oğlundan 2500 (iki min beş yüz) manat pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs Vilayət oğlu icra sənədi üzrə hazıradək yaranmış borcunu icra etməkdən və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Vilayət oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs Vilayət oğlu protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X2 izahatında göstmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-3231/2025 nömrəli icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi dərhal icraya yönəldilmişdir. Şəxs Vilayət oğlunun hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs Vilayət oğlu icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək icra vərəqəsini icra etməmişdir. Hazırda icra vərəqəsi üzrə 2545 manat məbləğində borcu vardır. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, Şəxs Vilayət oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlu izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsi üzrə tələbkara olan borcunu hissə-hissə edəcəyi barədə tələbkarla aralarında razılıq vardır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs Vilayət oğlu məhkəməsinin icra vərəqəsi ilə qət edilmiş borcunu indiyədək tam ödəniş etməmişdir. Hazırda borclu ilə pulun hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Ona görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkil tərəflər arasında razılıq olmasını nəzərə alaraq, onun barəsində başlanmış iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)- 3231/2025 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Vilayət oğlundan 2500 (iki min beş yüz) manat pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan və bildirişdən görünür ki, Şəxs Vilayət oğlu barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, aralarında razılıq əldə olunduğundan Şəxs Vilayət oğlu barəsində başlanmış inzibatiicraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Vilayət oğlu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətin yaranması nəzərdə tutulur. Həmin məcəllənin qeyd hissəsində göstərilir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Borclu borcu ödəməkdən imtina etmir, lakin maddi imkanı olmadığından borcunu tam ödəyə bilmir, tam olaraq ödənişindən yayınmamışdır. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, hazırda tərəflər arasında razılıq əldə edilmiş və zərərçəkmiş şəxs bununla bağlı başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Şəxs Vilayət oğlunun əməlində icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi halı, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Vilayət oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlunun əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, şəxsin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs Vilayət oğlunun psixi münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs Vilayət oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs Vilayət oğlunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkil müvafiq olaraq 55 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar