Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3366/2025 17.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: "xxxx" MMC-in Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, vətəndaşların şikayətləri əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə müvafiq olaraq 3-17-5/2-14974/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilməsinə və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək təqdim edilməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət edilmişdir. Lakin, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı ilə baxılır. Həmin işlərə tərəflərin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin onlara vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci bəndinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin məzmununa görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi inzibati məsuliyyətə cəlb edilir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə görə isə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) inzibati məsuliyyətə səbəb olur. Məhkəmə ilk öncə qeyd edir ki hər hansı bir inzibati məsuliyyətin yaranması üçün törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş hüquqi şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən təqdim edilmiş materiallara MMC-yə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubun ünvana çatdırılmasına dair çıxarış əlavə edilməmiş, eyni zamanda məktubların hansısa bir ünvana çatdırılması barədə bildiriş müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə bildirişin çatdırılmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" MMC-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3366/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3366/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver