Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-340/2023 23.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Vəkil iştirakı ilə xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon İcra və Probasiya Şöbəsindən inzibati protokol daxil olmuşdur. İş materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli il tarixli icra sənədinə əsasən X1 övladı xx.xx.2019-cu il təvəllüdlü Yusiflə anası Əhmədzadə (İbrahimova) Günel Nizami qızının iştirakıyla hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək, uşağın doğum günündə və bayram günlərində saat 11:00-dan 15:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs icra vərəqəsinin icrasından üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayınmamışdır. Belə ki, dəfələrlə uşağı atası ilə görüşməsinə şərait yaratmışdır. Lakin uşağın atası görüşü həftə içi təşkil edilməsini tələb etsə də qətnamədə uşaqla ünsiyyət hüququ həftə sonu qeyd edilmişdir. Eyni zamanda həftə içi işlədiyinə görə uşağı atası ilə görüşməsinə şərait yaradılması qeyri mümkündür. Atasının uşaqla görüşünə etiraz etmir. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasından yayınır. Belə ki, icra sənədinin icra etməmək üçün müxtəlif bəhanələr edərək, uşağı onunla görüşdürmür. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X1 övladı xx.xx.2019-cu il təvəllüdlü Yusiflə anası Əhmədzadə (İbrahimova) Günel Nizami qızının iştirakıyla hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək, uşağın doğum günündə və bayram günlərində saat 11:00-dan 15:00-dək ünsiyyət hüququ müəyyən edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatlardan müəyyən edilmişdir ki, Şəxs Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-886/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasından yayınmamışdır. Buna baxmayaraq icra məmuru tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə zəruri hərəkətlər edilməmişdir. Belə ki, icra məmuru məhkəmə iclasında şənbə və bazar günlər qeyri iş günlər olduğundan icra vərəqəsi üzrə icra tədbirlərini yalnız həftə içi icra etmək mümkün olduğunu bildirmişdir. Həmçinin Şəxs da izahatında sonuncu bazar günü icra məmuru tərəfindən təyin edilmiş vaxta və yerdə olduğunu bildirmişdir. Göründüyü kimi işin bütün yuxarıda sadalanan hallarına baxmayaraq icra məmuru heç bir qanuni əsas olmadan və formal olaraq belə qənaətə gəlinmişdir ki, Şəxs icra sənədinin icrasından üzrsüz səbəbdən yayınmışdır. İcra məmurunun qeyd etdiyi bütün hallar məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə hesab edir ki iş üzrə barəsində icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqazidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 11, 12, 13, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-340/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-340/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver