Məhkəmə qərarları › İş №3(012)-344/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-344/2024

19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-344/2024 19.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən: Abşeron DYP YHN baş inspektor, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.2002-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan (***-***-**-**) Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron X7 İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Abşeron DYP YHN baş inspektor, polis mayoru X4 tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə, saat 22:30 radələrində idarə etdiyi “KHAZAR LX” minik markalı **-HY-*** dövlət qeydiyyatlı avtomaşınla manevr qaydasını pozaraq. Ə.Vahid küçəsində yolun sağ zolağı ilə hərəkətdə olan “Range Rover” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı və “Toyoto Prius” minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü ildə, saat 22:30 radələrində sürücülük hüququ olmadan etibarnamə əsasında “KHAZAR LX” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Vahid küçəsində hərəkət edən zaman idarəetməni itirərək, yolun sağ zolağı ilə hərəkətdə olan “Range Rover” minik markalı, ** XU *** dövlət qeydiyyat nişanlı və “Toyoto Prius” minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşmuş, nəticədə maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Toqquşma zamanı xəsarət almamışdır. Əməlindən peşmandır, himayəsində xəstəlikdən əziyyət çəkən anasının və ailənin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Sirac Əsgərov hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını və himayəsində xəstəlikdən əziyyət çəkən anasının və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “KHAZAR LX” minik markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, Şəxs Ə.Vahid küçəsində “KHAZAR LX” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman idarəetməni itirərək, yolun sağ zolağı ilə hərəkətdə olan qarşıdan gələn “Range Rover” minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı və “Toyoto Prius” minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilləri ilə toqquşmuşdur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoşluq faktları aşkar olunmamışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-5280/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, ona nəqliyyat vasitələrinin idarəetmə hüququnun 06 ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.1-ci maddəsinə əsasən məhkəmə Şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, himayəsində baxıma ehtiyacı olan anasının və ailəyə gəlir gətirəcək yeganə şəxs olmasını nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar