Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-348/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimo Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC Xırdalan şəhəri ərazisində ətraf mühitə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişdir ki, Şəxs MMC-nin tüstü bacasından atmosferə atılan zərərli qazın miqdarı 9,3 mq/m3 (norma: 5,0 mq/m3) müəyyən edilmişdir. İnzibati araşdırma ilə bağlı hüquqi şəxsə müvafiq bildiriş göndərilmiş və nümayəndəsi protokola imza etməkdən imtina etmişdir. Həmçinin tüstü bacasında müvafiq təmizləmə qurğusunun da olmaması müəyyən edilmişdir. Göstərilən hallar “Ankat” cihazı ilə ölçülmüş və müvafiq aktlarla qeydə alınmışdır. Odur ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Kənan Qələndərov bildirmişdir ki, monitroinq aparılan yerdən şirkətin qazanxanasına qədər olan məsafə 162 metrdir və ətrafda digər sənayə obyetkləri də vardır. Bundan başqa monitorinqin “ANKAT” cihazı vasitəsilə ölçüldüyü müəyyən edilsə də tərtib edilmiş inzibati xəta haqqında protokolda başqa cihazın adı qeyd olunmuşdur. Xüsusi texniki vasitənin müvafiq sertifikatı və metroloji sınaqdan keçmiş olması lazımdır. Lakin göründüyü kimi bunlar yoxdur. Bundan başqa səlahiyyətli orqan tərəfindən toplanmış sübutların əsassız olduğunu, tüstü bacasında təmizləmə qurğusu olması ilə bağlı qeyd olunan xüsusatı təsdiq edəcək mötəbər sübutun olmadığını bildirərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. İş materialında olan X3 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli 002818 nömrəli aktından görünür ki, Şəxs istehsalat sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəssisənin istehsalat sahəsinin tüstü bacasından çıxan tüstünün ətraf əraziyə yayılması müşahidə olundu. Bununla bağlı müəssisənin ətrafından atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının müəyyənləşdirmək üçün “ANKAT” 64M4-04 cihazı ilə ölçmə işi aparıldı. Ölçmə nəticələrinə əsasən CO(dəm qazı) 9,3 mq/m3 (norma – 5,0 mq/m3) müəyyən edildi ki, bu da ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Akt 2 nüsxə tərtib olundu və fotoşəkillər akta əlavə edildi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 88782 nömrəli aktından görünür ki, Şəxs istehsalat sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəssisənin istehsalat sahəsinin tüstü bacasından çıxan tüstünün ətraf əraziyə yayılması müşahidə olundu. Bununla bağlı müəssisənin ətrafından atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının müəyyənləşdirmək üçün “ANKAT” 64M4-04 cihazı ilə ölçmə işi aparıldı. Ölçmə nəticələrinə əsasən CO(dəm qazı) 9,3 mq/m3 olması müəyyən edildi. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 42-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı təyinatlı obyektlərin istismarı və meliorasiya işlərində ətraf mühitin çirklənməsini qarşısını alan təmizləyici qurğular və sanitariya-mühafizə zonaları, ekoloji əsaslandırılmış texnologiyalar və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və maddələrin qalıqlarının tullantılarının təmizlənməsi, zərərsizləşdiriləsi və istifadə edilməsi üçün səmərəli vasitələrlə təchiz edilməli, təhlükəsiz yanacaq növlərini tətbiq etməli, təbii resursları qənaətlə və səmərəli istifadə etməli və ekoloji təhlükəsizlik üzrə tədbirlər görülməlidirlər. Göründüyü kimi Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması nümayəndə tərəfindən inkar olunsa da, bu hal iş materialında olan aktlar, protokollar və işdə olan digər sənədlərlə də müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-348/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-348/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver