Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-349/2025 04.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası Ekologiya və tərtib edən orqanın nümayəndəsi: Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 Barəsində inzibatii qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraat aparılan hüquqi şəxsin nünamyəndəsi Nümayəndə direktoru: oğlunun iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Şamaxı şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus X2 tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən norma miqdarından artıq olması müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Taleh Əzizov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, 14 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Monitorinq İdarəsi tərəfindən yerləşən "xxxx" MMC-yə məxsus X1 monitorinq keçirilmişdir. Monitorinq zamanı Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus X2 tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən norma miqdarından artıq olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Monitorinq İdarəsi tərəfindən 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə 20 sentyabr 2024-cü il tarixdə məktub daxıl olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə məhkəmə iclasında iştirak edərək, barələrində tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, onun iştirakı olmadan qanunsuz yoxlama aparılmış, ona məlumat verilməmişdir. Belə ki, X1 monitorinqin aparıldığı, müəyyən nöqsanların aşkar edildiyi qeyd edilir, lakin iş saatında həyata keçirilən yoxlamaya MMC-nin rəhbərliyindən və ya işçilərindən heç kəs dəvət edilməmişdir. İnzibati xətanın törədilməsi qeyd edilsə də yoxlama üsulları və ya ümumiyyətlə yoxlamanın keçirilib keçirilməməsi göstəricilərin nəticələrinin həmin məntəqəyə aid olub olmaması müəyyən edilmir. Həmçinin əlavə olaraq bildirmişdir ki, bu barədə məlumat aldıqdan dərhal sonra yenidən onun iştirakı ilə monitorinq keçirilməsinə dair müraciət etsə də lakin müraciətinə baxan olmamış, monitorinq keçirilməmişdir. Hesab edir ki, yenidən monitorinqin keçirilməsi və nöqsan varsa nədən ibarət olması ən azı ona görə zəruri olmalı idi ki, nöqsanın aradan qaldırılmasını da təmin edə bilsinlər. Lakin həmin qurum bilirdi ki, MMC-nin əməlində tərkib yoxdur ona görə də müraciəti üzrə yoxlama keçirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 yanvar 2025-ci il tarixli, 88774 nömrəli “Akt”dan müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Monitorinq İdarəsi Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Şamaxı şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus X1 monitorinq keçirilmişdir.
2. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli qərardadından müəyyən olunmuşdur ki, Abşeron rayonu Xırdalan şəhəri, Bakı- Şamaxı şossesi 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus X2 tərəfindən atmosfer havasına atılan zərərli maddələrin miqdarını yol verilən norma miqdarından artıq olmuşdur;
Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta hadisəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci ilə başlanmış icraata xitam verilməlidir. Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun: 2-ci maddəsinə əsasən bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi aktda qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, "xxxx" MMC-nin təqsirli olması qənaətinə gəlmək üçün sübutları tam toplamadan, formal mülahizərə əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, "xxxx" MMC-nin fəailiyyət göstərdiyi Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 1 ünvanında yoxlama tədbirləri həyata keçirilərkən videoçəkiliş aparılıdığı, işçilərdən və məsul şəxslərdən məlumat verilməsinə baxmayaraq heç kəsin yoxlamada iştirak etmək istəməməsi, tərtib edilmiş akta imza etməkdən imtina edilməsi ilə bağlı qeyd edilənlərlə bağlı sübutlar təqdim ediləcəyi bildirilsə də, protokol trtib edən orqan sonradan sübutları təqdim edə bilməmişdir. Tərtib edilən akt hal şahidlərinin iştirakı olmadan və video şəkiliş aparılmadan tərtib edilmiş, həmçinin nöqsanın səbəbi, yoxlamanın üsulu və qaydası aktda öz əksini tapmamışdır. Bu isə inzibati xəta hadisəsinə sübutlar baxımından qiymət verilməsi üçün kifayət deyildir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qeyd edilən vaxtda və ona məxsus ərazidə fəaliyyət göstərərkən həqiqətən də İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Belə ki, bu faktı müəyyən edə biləcək yeganə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkildən inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən başqa hər hansı bir mötəbər sübutlardan istifadə edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq, törədilməsi ehtimal olunan inzibati xəta hadisənin həqiqətən də baş verməsi və həmin pozuntunun "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov