Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3533/2025 09.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri X9 İdarəsinin polis polkovniki X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Bakı şəhəri X9 İdarəsinin polis polkovniki X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə axşam radələrində Bakı şəhəri, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış istiqamətində hərəkət edərkən X8 (DYP) əməkdaşı tərəfindən yolun süni şəkildə daraldılması nəticəsində həmin ərazidə tıxac yaranmışdır. Avtonəqliyyat vasitəsini həmin daraldılmış hissədən idarə edərək hərəkət etmək istəyən zaman piyada dayanan DYP əməkdaşı tərəfindən ona işarə verilmiş və süni daraldılmış hissədən istifadə etməməsi, ümumi sıraya qayıtmağı tələb edilmişdir. O, piyada dayanan polis əməkdaşının tələbinə riayət edərək bir az qarşıda dayanan polis avtomobilinin yanına gəlib saxlayaraq keçmə növbəsini gözləmişdir. Piyada olan polis əməkdaşı gəlib ona çataraq tıxacın içində sənədlərini tələb etmişdir. Tərəfindən tələb olunan sənədlər təqdim edilsə də, sənədlərdə hər hansı bir problem aşkar edilməmişdir. Buna baxmayaraq, DYP əməkdaşı heç bir hüquqi əsas göstərmədən və heç bir inzibati protokol tərtib etmədən avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılacağını bildirmişdir. Onun alkoqollu halda, habelə psixotrop maddələrin təsiri altında olmamasına və ya köməksiz vəziyyətdə olmamasına baxmayaraq nəqliyyat vasitəsini idarə etməsinə icazə verməmiş və nəqliyyat vasitəsini özü idarə edərək Xətai rayonu “Megafun” yaxınlığında yerləşən cərimə meydançasına yerləşdirmişdir. Avtonəqliyyat vasitəsinin hansı səbəbdən cərimə meydançasına aparılması barədə soruşduqda isə ona heç bir cavab verilməmişdir. Belə ki, həmin gün saat 21:00-da cərimə meydançasına yaxınlaşdığı zaman ona nəqliyyat vasitəsinin yalnız DYP əməkdaşının razılığı ilə təhvil verilə biləcəyi bildirilmişdir. Cərimə meydançasının əməkdaşı DYP əməkdaşı ilə əlaqə saxladıqdan sonra avtonəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılmasına icazə verildiyi ona bildirmiş və o, nəqliyyat vasitəsini şəxsən onlardan təhvil alaraq oradan getmişdir. Hadisədən iki gün sonra isə onunla heç bir əlaqə saxlanılmadan və ona heç nə izah verilmədən barəsində İXP7647735 nömrəli protokol tərtib edilərək 100 (yüz) manat məbləğində cərimə və 4 (dörd) bal tətbiq edilmişdir. Tətbiq olunmuş cərimə ilə bağlı ona SMS bildiriş gəldikdən sonra bundan xəbəri olmuşdur. Tərtib olunmuş və qüvvəyə minmiş protokol əsasında ona sürücülük vəsiqəsinin 6 ay müddətinə məhdudlaşdırılmasına əsas verən Bakı Şəhər DYPİ-nin xx.xx.2025 tarixli qərarı çıxmışdır. Tərtib edilən protokol və qəbul edilmiş qərar qanunsuz olub, heç bir hüquqi əsasa malik deyil. Avtonəqliyyat vasitəsinin saxlanılması əsassız olmuş, nəqliyyat vasitəsi protokol tərtib edilmədən və qanunla nəzərdə tutulmuş əsas olmadan cərimə meydançasına aparılmış, ona saxlanma və cərimə meydançasına aparılma səbəbi barədə izahat verilməmiş, protokol isə hadisədən iki gün sonra əsassız şəkildə tərtib edilmişdir. Ona görə də qeyd olunan qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri X9 İdarəsinin polis polkovniki X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “CHANGAN QİYUAN Q07 PLUG-İN HİBRİD” minik markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 İXM-in 327.1, 327.3 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və ona həmin maddələrə əsasən inzibtati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə həmin Məcəllədə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxs tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Halbu ki, İXM-in 327.7-ci maddədə qeyd edilən inzibati xətanın mövcud olması üçün şəxs tərəfindən əvvəlcə İXM-nin 327.1, 327.3-cü maddələrində qeyd edilən xətanın törədilməsi sübuta yetirilməli idi. Həmçinin İş materiallarından görünür ki, X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, həmçinin qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda X2 barəsində hansı məbləğdə cərimə olunması barədə heç bir qeydiyyat aparılmamışdır. Qeyd olunan qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hadisənin baş verməsində şikayət verənin təqsiri müəyyən edilmir, bu əsasda şikayət təmin edilməli, Bakı şəhəri X9 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri X9 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-3533/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3533/2025
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver