Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-354/2022 04.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X3 katibliyi ilə, X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron RPİ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə 04.03.2022-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 məhkəməyə müraciət edərək Abşeron RPŞ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini belə əsaslandırdı ki, o, 2021-ci ilin avqust ayında Xırdalan şəhəri, H.Əliyev pr. AAAF Park yaşayış kompleksinin qarşısında yerləşən apteklərin birindən tibbi maska alarkən mülki formalı polis əməkdaşları aptekə daxil olmuşlar, o, fərdi qoruyucu vasitədən istifadə etmədiyi üçün İXM-nin 211.2-ci maddəsi ilə cərimə olunmuşdur. Aptekdə olarkən polis əməkdaşına tibbi maskanın ictimai nəqliyyatdan (avtobusdan) düşərkən əlindən yerə düşərək toza bulaşdığını, yenisini almaq üçün aptekə daxil olduğunu bildirsə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Cərimə yazılarkən protokola nəzər saldıqda protokolun ondan əvvəl saat 12:40-da kimin üçünsə tərtib edildiyini, amma nədənsə ad və soyad yerinin doldurulmadığını görmüş və bunu irad olaraq bildirmişdir. Yəni o, aptekdə olarkən və protokol tərtib olunarkən saat 13:30 olmasına baxmayaraq protokolda saat 12:40 qeyd edilmişdir. Və bunu irad olaraq polis kapitanı Piriyevə bildirmiş və o "bunun heç bir fərqi yoxdur” deyərək tarixlərdən birinin üzərində düzəliş etmişdir. Bu protokol və cərimə ilə bağlı ASAN Pay ödəniş sistemi vasitəsilə DİN-nə 2 dəfə məktub ünvanlayaraq cərimənin silinməsini xahiş etmiş, məktublarda tibbi maska olmayan və ya qəfil korlanan (cırılan, yerə düşən və s.) şəxs, tibbi masakanın açıq havada şəraitində satılmadığından yeni tibbi maska almaq üçün aptekə daxil olmasının zəruriliyini, və vətəndaşların belə hallarda cərimə olunmamasını, və ona yazılmış olan cərimənin (protokolun) ləğv edilməsini xahiş etmişdir. Aptekə daxil olmadan vətəndaş maskanı hardan və necə əldə edə bilər. 07.02.2022-ci il tarixdə Quba rayon icra və Probasiya şöbəsindən qeydiyyatda olduğum ünvana gələn məktubda cərimənin ödənilməsi və qəbzin onlara təqdim edilməsi ilə bağlı bildiriş göndərilmişdir, icra məmuru Elçin Hacıyev ilə telefonla əlaqə saxlayaraq cərimədən məhkəməyə şikayət edəcəyini bildirmişdir. Qeyd edim ki, cərimə ilə bağlı qərardan məlumatı yalnız məhkəməyə müraciət edərkən olmuş və özü şəxsən 15.02.2022-ci il tarixdə Abşeron rayon Polis şöbəsinə yaxınlaşaraq məhkəməyə təqdim etmək üçün qərarın verilməsini xahiş etmişdir. MN N:1063106 nömrəli qərarda protokolun 24.08.2021-ci il tarixdə yazıldığı qeyd olunmuşdur. Sonda o, Abşeron RPŞ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası DİN Abşeron RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti obyektiv araşdırmaq məqsədi ilə inzibati xətanın törədilməsinə əsas olan sənədləri sorğu əsasında tələb edib nəzərdən keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X2 Abşeron RPİ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Abşeron RPİ-nin rəis müavini Elçin Rəcəbov tərəfindən tərtib olunmuş MN ******* saylı, 24.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-354/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-354/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver