Məhkəmə qərarları › İş №3(012)-3541/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3541/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3541/2025 29.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X4, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə1 katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X3 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Şəxs MMC-nin fəaliyyəti zamanı formalaşmış tullantı sularının kənara (çölə) axıdılması faktı aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Şəxs MMC-nin fəaliyyəti zamanı formalaşmış tullantı sularının kənara (çölə) axıdılması faktı aşkar edilmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən ünvanda Şəxs MMC fəaliyyət göstərmir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X2 nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Monitorinq zamanı xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında fəaliyyət göstərən müəssisənin fəaliyyəti zamanı formalaşmış tullantı sularının kənara (çölə) axıdılması faktı aşkar edilmişdir. 166 şirkətinin həm kargo xidməti, həm logistika xidməti vardır. Həmin ünvanda fəaliyyət göstərən şirkətin hansı şirkət olması ilə bağlı şirkətin özü ilə əlaqə saxlanılmış, onlara Şəxs MMC bildirildiyi üçün protokol həmin şirkət barəsində tərtib edilmişdir. Həmçinin həmin ünvanda Şəxs MMC-yə məxsus avtomobillərin olduğunu görmüşdülər. Sonradan müəyyən edilmişdir ki, həmin ünvanda Şəxs MMC deyil, “166 Logistika” fəaliyyət göstərir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqındaxx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Şəxs MMC-nin fəaliyyəti zamanı formalaşmış tullantı sularının kənara (çölə) axıdılması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. 27 noyabr 2025-ci il tarixli 000551 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X2 24 noyabr 2025-ci il tarixli 00033 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Su Məcəlləsinin, suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında Şəxs MMC-nin fəaliyyəti zamanı formalaşmış tullantı sularının təyinatsız axıdılması faktı aşkar edilmişdir. Protokola əlavə edilmiş videogörüntüyə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, protokol tərtib edən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan borunun Şəxs MMC-yə məxsus olmasını, tullantı sularının həmin boru vasitəsilə axıdılmasını bildirir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, video görüntülərə baxış keçirib hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmədiyindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 2 saylı X3 tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsi göstərilsə də, məhkəmədə aparılan araşdırma zamanı Şəxs MMC tərəfindən qeyd edilən xətanın törədilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, protokol tərtib edən şəxsin təqdim etdiyi videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntüdə borunun Şəxs MMC-yə məxsus olması, həmin boru vasitəsilə axıdılması qeyd edilsə də, həmin borunun barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məxsus olması, məhz Şəxs MMC-nin fəaliyyət göstərdiyi müəssisədən tullantı sularının axıdılması ilə bağlı hər hansı sübut müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi də borunun müəssisəyə aidiyyətinin olmadığını bilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün içməli məişət, texniki və tullantı sularının konkret olaraq - kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, məhz videogörüntüdə olan tullantı sularının Şəxs MMC tərəfindən kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasını təsdiq edən, hüquqi şəxsin qeyd edilən inzibati xətaya aidiyyətini müəyyən edən hər hansı sübut müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs MMC tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1 -ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1 -ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3- cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə iş üzrə icraata xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC-nin İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar