Məhkəmə qərarları › İş №3(012)-3548/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3548/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3548/2025 22.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Mahmudov protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017ci il tarixli, 2(010)-11966/2017 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 03 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment tutulması, alimentin tutulmasının əvvəlinin 14 noyabr 2017-ci il tarixdən hesablanması, qətnamənin aliment tutulmasl hissəsində dərhal icra edilməsi müəyyən edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 18 dekabr 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(010)-3318/2022 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 03 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat aliment tutulması, cavabdeh Şəxs Məmməd oğlundan tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanumi qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 16 oktyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. O, icra sənədi üzrə o borcu ödəməkdən yayındığı üçün barəsində 06 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs tərəfindən hazırki icra vərəqəsi üzrə bugünədək 9699 manat ödəniş edilsə də hazırda sonuncunun ödənilməmiş 6399 manat ödənilməmiş aliment borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir, hesab edir ki, icra məmuru tərəfindən aliment borcu düzgün hesablanmamışdır. Belə ki, o, bu gün aliment borcundan 1000 (min) manat məbləğində ödəniş etmişdir. Həmçinin əlavə olaraq bildirir ki, övladı uzun müddət ərzində onun yanında olmuş, həmin müddətdə uşağın saxlanılması tam olaraq onun tərəfindən təmin edilmişdir. Bundan başqa bildirir ki, onun icra məmurunun çağırışlarına gəlməməsi yayınmaq məqsədi daşımamış, bir müddət əvvəl səhhəti ilə əlaqədar keçirmiş əməliyyat nəticəsində icra məmurunun çağırışlarına bəzi hallarda gələ bilməmişdir. O, hazırda alimentlə bağlı üzərində olan öhdəliyini inkar etmir, lakin olan aliment borcunun dəqiq məbləği müəyyən ediləcəyi halda qısa müddətdə tam şəkildə borcun ödənilməsi həyata keçiriləcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(010)- 11966/2017 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, 03 avqust 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay sabit pul məbləğində 150 manat miqdarında aliment tutulması, alimentin tutulmasının əvvəlinin 14 noyabr 2017-ci il tarixdən hesablanması, qətnamənin aliment tutulmasl hissəsində dərhal icra edilməsi müəyyən edilmişdir;

2. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(010)- 11966/2017 saylı icra vərəqəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 18 dekabr 2017-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(010)- 3318/2022 saylı icra vərəqəsinə əsasən iddia təmin edilmiş, Suraxanı rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilmiş və cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 03 avqust 2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat aliment tutulması, cavabdeh Şəxs Məmməd oğlundan tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanumi qüvvəyə mindiyi gündən hesablanması müəyyən edilmişdir;

4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(010)- 3318/2022 saylı icra vərəqəsi ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 16 oktyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

5. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(010)- 3318/2022 saylı icra sənədi üzrə Şəxs borcu ödəməkdən yayındığı üçün barəsində 06 noyabr 2025-ci il tarixdə axtarış haqqında qərar qəbul edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, borclu aliment öhdəliyini tam şəkildə inkar etmir, əksinə, aliment üzrə borcunun mövcudluğunu qəbul edir və borcun dəqiq məbləği müəyyən edildikdən sonra onun yaxın müddətdə tam şəkildə ödənilməsi niyyətini etiraf edir. Borclu tərəfindən aliment üzrə 1000 (min) manat məbləğində ödənişin edilməsi də bu niyyətin real olduğunu təsdiq edir. Eyni zamanda cavabdehin icra məmurunun çağırışlarına müəyyən vaxtlarda gələ bilməməsi onun səhhətində yaranmış problemlərlə əlaqədar keçirdiyi əməliyyat səbəbi ilə olmuşdur ki, bu da onun icra orqanının çağırışlarına vaxtında gəlməməsi qəsdən yayınma kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə borclunun əməlində onun cəmiyyətdən təcrid edilməsini zəruri edən halların mövcud olmamasını və həmin şəxsin islahının cəmiyyətdən təcrid edilmədən də mümkün olmasını nəzərə alaraq, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəuyğun hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar