Məhkəmə qərarları › İş №3(012)-366/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-366/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-366/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Xələc kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Abşeron rayonu, Masazır kəndi, H.Z.Tağıyev küçəsində yaşadığı evdə borc məsələsi üstündə aralarında yaranmış mübahisə zamanı keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ayaq nahiyəsindən ayaqı ilə vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Zərərçəkmiş şəxs Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aralarında baş vermiş mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs ona qarşı işlətdiyi nalayiq söyüşlər söyməsindən əsəbiləşərək Afaqın ayaqından bir dəfə ayağı ilə vurmuş, bundan sonra oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, keçmiş əri Şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, lakin 2017-ci ildə sonuncu başqası ilə evləndiyi üçün onunla rəsmi qaydada boşanmışdır. 2020-ci ildən sonra Sabir mütamadi olaraq uşaqlarını görmək üçün yaşadığı evə gəlib-getmişdir. Buna baxmayaraq Sabir 480 manat təşkil edən aliment pulunu ödəməmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evlərin qapısı olmadığı üçün Sabir ondan 2000 manat pul almış və hissə- hissə qaytaraacağına söz vermişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evə gəlmişSahibdə ondan aldığı 2000 manat pulu və alimenti ödəməsini tələb etmişdir. Lakin sonuncu ondan aldığı 2000 manat pulu şəxsi ehtiyyacları üçün xərclədiyini deyərək qapı almadığını demişdir. Sabirə verdiyi 2000 manat pulu başqasından borca aldığını deyərək qaytarmasını tələb etmiş və bu mövzuda söhbət edən zaman onlar arasında sözlə mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Sabir onun ünvanına nalayiq ifadələr işlədərək təpiklə ayaq nahiyyələrinə zərbələr vuraraq onu döymüş və boğmağa cəhd etmişdir. Həmin vaxt o, Sabirin əlindən qaçıb həyətə çıxmış, sonuncu isə oradan çıxıb getmişdir. Bundan sonra Sabirin pulu gətirəcəyini düşünərək şikayət etməmiş və bir neçə gün gözləmişdir. Sabirin pulu gətirmədiyini görüb DİN-in «102» xidməti zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, Sabirdən ondan şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməldən peşmançılıq çəkməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərar aidiyyəti Abşeron RPİ –in İTŞ-nə həvalə edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2349 nömrəli rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bud, sol baldır nahiyyəsinin qançırları küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə, dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnizbati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmin maddənin tələbini və Şəxs baxılan işlə bağlı xx.xx.2023-cü il tarixdə, saat 23:00-dan xx.xx.2023-cü il tarixdə, saat 16:00-dək tutulduğunu və halhazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, Şəxs barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X3 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar