Məhkəmə qərarları › İş №3(012)-3661/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3661/2025

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3661/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsi ilə EP № ******* nömrəli, 15 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir/ İnzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsinin Sahil postundan daxil olmuş 3-33-1100/012/014796 saylı, xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC (VÖEN **********) tərəfindən **********8164 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş “qara metaldan altlıqlar və mal daşınması üçün platformalar” yükünün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmişdir. Lakin öhdəlik müddətinin bitməsinə baxmayaraq, şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64 və 112.1.4-cü maddələrinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan çıxarışdan dair çıxarışdan görünür ki, **********8164 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklərin ölkə ərazisinə geri qaytarılmasının son müddəti xx.xx.2025-ci il tarixi müəyyən edilmişdir. Lakin Şəxs MMC tərəfindən müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş yüklər xx.xx.2025-ci il tarixdə, yəni geri qaytarılma müddətinin bitdiyi xx.xx.2025-ci il tarixindən 33 (otuz üç) gün sonra, xx.xx.2025-ci il tarixli **********1839 nömrəli gömrük bəyannaməsi ilə digər gömrük proseduru altında rəsmiləşdirilmişdir;

2. 14 may 2025-ci il tarixli, 3-33-1100/012/014796 saylı rapotrdan görünür ki, Şəxsn adına gələn **********8864 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallar üçün qısa idxal bəyannaməsi tərtib olunmamışdır; Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də orqan həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: - Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir (192.1-ci maddə); - Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır (193.1-ci maddə); - Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər (193.2-ci maddə); - Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır (193.3-cü maddə); - Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir (193.4-cü maddə).

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət nəzərdə tutur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən aparılan araşdırılma zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbehin aşağı həddinə uyğun tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar