Məhkəmə qərarları › İş №3(012)-3674/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3674/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3674/2025 26.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1992-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Nuhbala Cavadov izahatında göstərdi ki, Şəxs 24 dekabr 2025-ci il tarixdə ünvan 1 ünvanında qardaşı Zərərçəkmiş şəxs məxsus 200 manat pul, 70 manat dəyərində drel və 50 manat dəyərində laqondanı talamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, o, sözügedən mənzilə daxil olmuş, lakin oradan yalnız telefon, saat və şnur götürmüşdür. Qeyd olunan əşyaları elə həmin gün polis əməkdaşları tərəfindən saxlanılarkən könüllü şəkildə təhvil vermişdir. Pul və digər əşyaların götürülməsi ilə bağlı hər hansı məlumatı olmamıdşır. Əməlinə görə peşman olduğunu və narkamaniya xəstəliyindən əziyyət çəkməsini bildirərək, bir daha belə əməllərin törədilməsində iştirak etməyəcəyinə söz vermiş barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd olunması” barədə 25 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə göndərilmiş, qərardan Zərərçəkmiş şəxs pğlunun narazı olduğu halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna, yuxan prokurora və ya rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilmişdir;

2. “İnzibati xəta haqqında” tərtib edilmiş 25 dekabr 2025-ci il tarixli, MN № ******* protokoldan görünür ki, Şəxs 24 dekabr 2025-ci il tarixdə ünvan 1 ünvanında qardaşı Zərərçəkmiş şəxs məxsus 200 manat pul, 70 manat dəyərində drel və 50 manat dəyərində laqondanı talamışdır;

3. “İnzibati qaydada tutma haqqında” 25 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 20:45-dən məhdudlaşdırılmışdır;

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin “Qeyd” hissəsinə görə talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddədə maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddədə göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, təqsir dərəcəsini, əməli törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, əmlak vəziyyətini, habelə əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halın mövcud olmamasını, həmçinin bu cür hərəkətləri ilə ətrafda və cəmiyyətdə mənfi emosiyalar yaratmasını nəzərə alıb, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin və həbs etmənin əvvəli 25 dekabr 2025-ci il saat 20:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar