Məhkəmə qərarları › İş №3(012)-3676/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3676/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3676/2025 29.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Ləkətağ ərazi dairəsi, Boyəhməd kəndində qeydiyyatda olan və Şirvan şəhəri, X10, 43 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 sentyabr 2(007)- 2470/2023 saylı icra sənədinə əsasən Şəxs 24 fevral 2020-ci il təvəllüdlü X3 və 07 yanvar 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün 02 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmiş, Şəxs 07 yanvar 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün 02 avqust 2023cü il tarixdən başlayaraq 100 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir. İcra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Daha sonra həmin icra sənədi üzrə borclunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Soltan Hacıbəyov küçəsində yerləşən fərdi yaşayış evində yaşaması müəyyən edildiyi üçün 02 iyul 2025-ci il tarixli qərarla icra sənədinin aidiyyəti üzrə icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi müəyyən edilmişdir. Daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-119/2025 saylı, 06 mart 2025-ci il tarixli qərardadına əsasən tələbkar ərizəçi Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2470/2023 saylı qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək naqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Borclu icra sənədi üzrə göstərilən tələbi icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2023cü il tarixli, 3(012)-2327/2025 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan icra sənədi üzrə Şəxs hazırkı icra sənədi üzrə ödənilməmiş 1208 manat aliment borcu mövcuddur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş inzibati protokolla bağlı özünü təqsirli bilmədiyini, aliment ödənişlərini mütəmadi şəkildə və vaxtında həyata keçirdiyini, aliment üzrə yaranmış borcun köhnə dövrə aid olmasını qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, tələbkar ona verilən əmək haqqının 26 dekabr 2025-ci il tarixdə veriləcəyindən xəbərdar olmuş və bununla bağlı razılaşmışdır. Həmin tarixdə icra şöbəsinə dəvət olunmuş və borcu günün sonunadək ödəyəcəyini bildirsə də, buna baxmayaraq barəsində protokol tərtib edilmişdir. Hazırkı dövrə aliment üzrə borc qalmamış, bütün borc məbləği xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Qeyd edilən halların nəzərə alınmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs aliment üzrə borcu xx.xx.2025-ci il tarixdə ödəyəcəyinə söz versə də, lakin hazırkı vəziyyətdə borcu ödəyəcəyinə inanmır, borcun tam şəkildə ödənildiyi təqdirdə barəsində hər hansı şikayət və ya tələbin olmayacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 sentyabr 2(007)-2470/2023 saylı icra sənədinə əsasən Şəxs 24 fevral 2020-ci il təvəllüdlü X3 və 07 yanvar 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün 02 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmiş, Şəxs 07 yanvar 2023-cü il təvəllüdlü X7 3 yaşına çatanadək saxlanılması üçün 02 avqust 2023-cü il tarixdən başlayaraq 100 manat məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulması müəyyən edilmişdir;

2. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 18 sentyabr 2(007)-2470/2023 saylı icra sənədi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Culfa rayon İcra və Probasiya Şöbəsi tərəfindən 13 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-119/2025 saylı, 06 mart 2025-ci il tarixli qərardadına əsasən tələbkar ərizəçi Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-2470/2023 saylı qətnaməsi ilə tutulan alimentin indeksasiya edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək naqqının 0.63 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir;

4. Abşeron rayon Məhkəməsinin 23 sentyabr 2023-cü il tarixli, 3(012)-2327/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.

Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməməsi öz təsdiqini tapmır. Belə ki, o, icra sənədi üzrə olan borcunu həmin tarixdə tələbkar ilə razılaşmasına uyğun olaraq icra etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hallara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs tərəfindən aliment üzrə yaranmış borcun qərəzli şəkildə ödənilməməsi istisna edilir. Belə ki, o, tələbkarla əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq borc məbləğini razılaşdırılmış tarixdə tam şəkildə icra etmişdir. Bu səbəbdən, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar