Məhkəmə qərarları › İş №3(012)-3739/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-3739/2025

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-3739/2025 26.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə şikayət verən X2 iştirakı ilə, X2 Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş TP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş TP № ******* saylı, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati həta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. O, qəti şəkildə həmin qərarı qəbul etməmişdir. Ona görə ki, həmin qərar əsassız şəkildə qəbul edilmişdir. **-RS-*** dövlət qeydiyyat nişanlı, BMW 528i minik markalı avtomobil onun adınadır və istifadəsindədir. Avtomobilinə tərəfindən əlavə avadanlıq və s. yerləşdirilməmiş və tam qanuni şəkildə idarə edir. Onu hər dəfə səbəbsiz yerə saxlayaraq, qanun pozuntusuna yol verdiyini, guya avtomobilə əlavə avadanlıqlar quraşdırdığını və s. əsassız səbəblər gətirilir. Avtomobil yoxlanışdan keçdikdən sonra aydın olur ki, əlavə heç nə quraşdırmamışdır. Bu hal dəfələrlə təkrarlanır. Belə ki, xx.xx.2025-ci il tarixdə Novxanı kəndi H.Əliyev prospekti 51 ünvanından üzü Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman təxminən saat 11 radələrində onu postpatrul saxlamış və maşına baxış keçirmişdir. Onu saxlayan Yol Patrul Xidməti avtomobilində Tural adlı polis nəfərindən başqa 2 nəfər də var idi. Onun maşınına gözə yarı baxaraq, maşına əlavə avadanlıq quraşdırdığını bildirmişlər. Onu isə bu halın dəfələrlə təkrarlandığını və tərəfindən əlavə heç nə quraşdırmadığını və avtomobilinə aid bütün sənədlərini təqdim etməsinə baxmayaraq Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini bildirmişlər. Qeyd edir ki, onu Novxanı kəndi H.Əliyev prospekti 51 ünvanında saxlasalar da, protokolda və qərarda ünvan 2 ünvanı göstərilmişdir. O, bu qeyd edilənlər ilə qəti şəkildə razılaşmır. Ona məxsus **-RS-*** dövlət qeydiyyat nişanlı, BMW 528i minik markalı avtomobili cərimə meydançasında saxlamışlar. xx.xx.2025-ci il tarixli qərar və protokol ona xx.xx.2025-ci il tarixdə verilmişdir. Bütün bunlara əsasən Abşeron DYP Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarın ləğv edilməsini və hər hansı qanun pozuntusuna yol vermədiyini qətiyyətlə bildirir. O, İİ Qarabağ müharibəsinin iştirakçısıdır və ona Cənab Prezident tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Zəngilanın azad olunmasına görə” medalı və müharibə veteranı vəsiqəsi verilmişdir. O, qanunlara hörmətlə yanaşan və ciddi şəkildə əməl edən bir gənc vətəndaşdır. Bir daha bildirir ki, tərəfindən idarə olunan və ona məxsus **-RS-*** dövlət qeydiyyat nişanlı, BMW 528i minik markalı avtomobilə qərarda göstərilən hər hansı avadanlığın quraşdırılması və əlavə edilməsi ilə bağlı qanun pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilən DİN-nin Abşeron RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin polis serjantı X3 tərəfindən qəbul edilmiş TP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 (yüz əlli) manat məbləğində inzibati tənbeh tədbiri növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 342-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X4 tərəfindən törədilmiş əməlin xarakteri, əməli törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, məsuliyyəti ağırlaşdıran halların mövcudluğu araşdırılmamış, sonuncu Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, səlahiyyətli vəzifəli şəxs Abşeron Rayon Polis İdarəsinin DYP-nin YPX-nin inspektoru, polis serjantı X3 TP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (maddə.106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmasını (maddə.106.0.5), işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılmasını (maddə.106.0.6) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş TP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, araşdırma aparılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş TP № ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və araşdırma aparılması üçün iş qərarı qəbul etmiş orqana göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar