Məhkəmə qərarları › İş №3(012)-381/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-381/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-381/2024 26.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1993-cü ildə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM-nin) 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in İTŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* və MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdəsaat 16:40-da Bakı-Quba yolunun 9-cu km-də Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən DİN-in BDYPİ-nin 712 saylı Ekologiya Postunda barəsində protokol tərtib edilməsinə etiraz edərək, posta xidmət aparan polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədərək, iş rejimini pozmaqla ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-in İTŞ-in sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında əlavə olaraq göstərmişdir ki, BDYPİ-nə bilavəsitə tabe olan ENYPXB-nün YPX inspektoru polis baş serjantı X4, X7 və X11 tərəfindən tərtib edilmiş raporta əsasən araşdırma aparılmış şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini qismən etiraf edərək izahatında göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə saat 16 radələrində ekologiya postunda yol polis əməkdaşı tərəfindən saxlanıldıqda həqiqətən özü və avtomobildə olmuş qardaşı Emiq Mürsəlov tərəfindən həmin polis əməkdaşının video çəkilişini aparmış və bundan sonra onlara yaxınlaşan digər polis əməkdaşları tərəfindən Abşeron RPİ-nə gətirilmişlər. Əməlindən peşmançılıq çəkir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid DİN-in BDYPİ-nin ENB-nın YPX inspektoru, polis serjantı X7 izahatında göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə saat 16:40 radələrində Bakı- Quba yolunun 9-cu km-də Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən DİNin BDYPİ-nin 712 saylı Ekologiya Postda xidmət aparan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini (manevretmə qaydalarını) pozan Mercedes Benz E 200 markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq həmin nəqliyyat vasitəsinin sükan arxasında əyləşmiş sürücüsü Şəxs pozduğu qaydanı izah edib, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edəcəyini bildirmişdir. Həmin zaman sürücü ona qəsdən sənəd verməyəcəyini bildirmiş və yanında olan sərnişin Namiq Qurbanovla onun mobil telefonu vasitəsilə video çəkliş etməyə başlamışlar. Təkrar sürücüdən sənədləri istədikdə sənədləri qəsdən təqdim etməməklə tabe olmayan sürücü Şəxs və sərnişin Namiq Qurbanov avtomobildən düşərək küçədə bərabər söyüşlər söymüşlər və onunla həmkarları X11 və X2 qanuni tələblərinə tabe olmamışlar. Bundan sonra qəsdən tabesizlik göstərməklə xuliqanlıq edən Namiq və Şəxs qardaşlarının Abşeron RPİ-nə gətirilmələri təmin edilmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokol əsasında cəriməni ödəmək məqsədilə 25 fevral 2024-cü il tarixdə saat 16 radələrində Bakı-Quba yolunun 9-cu km-də Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən DİN-in BDYPİ-nin 712 saylı Ekologiya Postda olmuşdur. Həmin vaxt postda iki nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək, səs-küy salmışlar. Həmin vaxt polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışdıqda, hazırda məhkəmə zalında gördüyü şəxs daha da aqressivləşərək, polis əməkdaşlarına əl-qol ataraq, təpiklə polis əməkdaşlarını vurmağa başlamışdır. Postda həmin şəxsləri sakitləşdirmək mümkün deyildir, hətta həmin şəxslər polis əməkdaşları ilə əlbəyaxa olan zaman postda yerləşən ödəniş terminalını aşırıtmışlar. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə qardaşı oğlunun törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı sığorta şirkətinin əməkdaşını Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən BDYPİ-nin Ekologiya Postunda gözləyən zaman postda xidmət aparan polis əməkdaşı tərəfindən Mersedes Benz E 200 markalı avtomobilin saxlanılmışdır. Avtomobilin sürücüsü, hazırda məhkəmə zalında gördüyü şəxs sükan arxasında polis əməkdaşı ilə mübahisə etməyə başlamış, avtomobildə qarşı sağda sərnişin qismində əyləşmiş şəxs əlindəki mobil telefonla polis əməkdaşını çəkməyə başlamışdır. Həmin vaxt polis əməkdaşı sərnişinə xidmətdə olduğunu bildirərək, çəklişi dayandırmasını, sürücüdən isə sənədlərini təqdim etməsini tələb etmişdir. Lakin sürücü nə də sərnişin polisin dediklərinə məhəl qoyməyaraq, öz hərəkətlərini davam etdirmişlər. Daha sonra sürücü avtomobildən düşərək, sərnişindən qanunsuz apardığı çəklişi dayandırmasını tələb edən polis əməkdaşına arxadan yaxınlaşaraq, kəllə ilə onu vurmuşdur. Bundan sonra sərnişində sürücüyə qoşularaq, polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlətməklə polis əməkdaşlarına əl-qol atmağa başlamışdır. Hadisə yerinə gələn digər polis əməkdaşları hər iki şəxsləri sakitləşdirərək, onları xidməti avtomobilə əyləşdirib, oradan polis idarəsinə aparmışlar. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən səmimi peşman olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəzi” Publik Şəxsi xx.xx.2024-cü il tarixli ******* saylı protokolundan görünür ki, Şəxs ayıqdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsinə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. İnizbati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:05-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin məzmununa görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinə aid edilmişdir. Göründüyü kimi inzibati xəta üzrə məsuliyyətin yaranması üçün şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Hər bir şəxs, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ictimai qaydanın pozulmasından çəkinməli, ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının Şəxs hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə İXM-in 535.1-ci madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti ağırlaşdıran halın olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 21:05-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar