Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-383/2021 02.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X6 katibliyi, Şikayət verən X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə 18 avqust 2020-cu il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X5 oğlu bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati tənbehin verilmə səbəbi Binəqədi rayonu, Xocasən gölü ətrafına idarə etdiyi “Ford” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inşaat aparılan zaman yaranmış bərk tullantıların qalaqlanaraq boşaltmasıdır. Protokolda qeyd edilən həmin əsaslarla razı deyil. Belə ki, o, “Körpü Bina Tikinti” şirkətinin tapşırığı ilə inşaat zamanı yaranmış daş qırıntıları dəmir yolu inşa edilən yerin alt hissəsinə boşaltmışdır. Əgər bu hal qanunsuz baş veribdirsə, ona yox, “Körpü Bina Tikinti” şirkətinin rəhbərliyinə həmin cərimə tətbiq edilməli idi, çünki həmin yerdə “Körpü Bina Tikinti” şirkəti fəaliyyət göstərir, yalnız ona məxsus avtomobil deyil, həmin şirkətin rəhbərliyi altında başqa maşınlarda fəaliyyət göstərir və onun gördüyü işi görürdülər. Bundan əlavə 13.10.2020-ci il tarixdə qəbul edilmiş qərardan onun yenicə xəbəri olmuşdur. Belə ki, onun mobil telefon nömrəsinə zəng edən Abşeron Rayon İcra və X4 adlı icra məmuru onu həmin inzibati binaya dəvət etmiş və qərar ilə onu tanış edərək, 500 manat pulu ödəməyini bildirmişdir. Nə məsələ olduğunu soruşduqdan sonra onun məsələdən xəbərim olmuşdur. Elgün adlı icra məmuruna məsələnin necə baş verməsi barədə məlumat verdikdən sonra ona 16.02.2020-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərarın surətini təqdim edərək, şikayət vermə hüququmun olmasını izah etmişdir. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan X5 oğlu barəsində tərtib olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 oğlu Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıdakılara əsasən hesab edirəm ki, X5 oğlu haqlı olaraq səlahiyyətli orqan tərəfindən düzgün inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-in134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X5 oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 13 oktyabr 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-383/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-383/2021
02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver