Məhkəmə qərarları › İş №3(012)-388/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-388/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-388/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.2018-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X2 bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 19:30-da Abşeron rayonu, Mehdiabad qəsəbəsində mübahisə zəminində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən olunmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində qızı Nübarı qarşılamaq üçün həyat yoldaşı Səadət ilə birlikdə evin həyətindən küçəyə çıxmış, Səadət ondan qabaq evin həyətindən çıxmışdır. O, küçəyə çıxan zaman yoldaşı Səadətin «ay uşaq bir az yavaş ol» sözləri dediyini eşitmiş, bu zaman artıq küçəyə çıxmış, orada qonşusu Əsgərin əlində olan bel ilə yerdən torpağı qaldırıb göyə atdığını görmüş, o da Əsgərə iradını bildirib bir az yavaş olmağını deyərək gözünə toz dolduğunu bildirmiş, bu zaman Əsgər ona gedib işinlə məşğul olmağını demiş, bundan sonra Əsgərdən nə dediyini soruşduqda sonuncu təkrar ona gedib işinlə məşğul olmağı deyərək əlindəki bel ilə başına bir dəfə zərbə vurmuş, o, zərbədən yerə yıxılmış, həmin zərbədən hüşünü itirmişdir. Bir neçə saniyədən sonra yoldaşı Səadətin səsini eşitmiş, sonuncu qışqıraraq «saçımı yolma» sözlərini demiş, o, yerdən qalxmaq istəyən zaman Əsgər əlindəki bel ilə başından zərbə vurmuş, həmin vaxt Valeh gəlmiş, qızı Nübar da həmin anda gəlmişdir. Valeh Əsgəri sakitləşdirib evinə aparmış, qızı başından qan gəldiyini görüb qonşuluqda yaşayan Natiqi çağırmış, Natiq gəlmiş və onu yerdən qaldırıb öz həyətinə aparmışdır. Natiq gələn zaman Valehin Əsgəri aparmasını, Əsgərin əlində bel olmasını və onun başından qan gəldiyini görmüş, sonra qızı Nübar DİN-in 102 xidmətinə və təcili tibbi yardım üçün 103 xidmətinə zəng edərək məlumat vermiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım maşını gələrək onu Bakı şəhəri 3 saylı Sabunçu xəstəxanasına aparmış, xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evinə buraxılmışdır. Əlavə olaraq o, hadisə vaxtı nə onun, nə də ki yoldaşı Səadətin Əsgərin azyaşlı uşağı Uğuru döymədiyini, Zərərçəkmiş şəxs vurmadığını, ona xəsarət yetirmədiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs onun başına əlində olan bel ilə iki dəfə zərbə vurduğunu göstərdi. Sonda o, təqsirinin olmamasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində azyaşlı oğlu Uğura evin qarşısında asfalt qırıntılarını təmizləmək üçün həyətdən bel vermiş, həmin vaxt qonşuluqda yaşayan Valehgilin həyətində dayanıb onunla söhbət etmiş, bu vaxt oğlu 2011-ci il təvəllüdlü Uğurun çığırtı səsini eşitmiş, dərhal həyətdən çıxaraq Uğurun yanına getmiş, o, qonşuluqda yaşayan Səadət adlı xanımın oğlunun boğazından əli ilə tutub sıxdığını, eyni anda onun əri Əyyubun da oğlunu təpiklə vuraraq yerə yıxdığını görmüşdür. Onlara yaxınlaşmış, Əyyubu sinəsindən tutaraq geri itələmiş, oğlu Uğuru yerdən qaldırmışdır. Bu zaman qonşu Valeh gələrək oğlu Uğuru öz həyətinə aparmış, bu zaman Əyyub onun üstünə gələrək yumruq atmış, o da sonuncunun sifətinə və baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Onun Uğura yolu təmizləmək üçün verdiyi özünə məxsus bel Səadətin əlində olmuş, o, Əyyub ilə dalaşan zaman Səadət əlindəki bel ilə onu vurmaq istəyən zaman bel sonuncunun əri Əyyubun başına dəymiş, həmin vaxtı Valeh geri qayıdaraq onları ayırmış və onu sakitləşdirib evinə aparmış, səs-küyə ailə üzvləri də küçəyə çıxmış, sonra DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Əlavə olaraq o, aralarında mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, o Səadət və Əyyubla mübahisə edən zaman ətrafda heç kim olmadığını, sonradan oğlu Uğurun səsinə Valeh və yoldaşı Arzunun küçəyə çıxdığını göstərmişdir. Sonda o, barəsində inzibati icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan aydın olur ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1951 saylı rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ yanaq nahiyəsinin qançırı, ağız boşluğunun selikli qişasının əzilmiş yarası bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 1954 saylı rəyində qeyd olunmuşdur ki, 2011-ci il təvəllüdlü X3 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – boyun nahiyəsinin sol yan səthinin və sağ budun yuxarı 1\3-nin ön səthinin sıyrıqları, sol budun orta 1\3-nin bayır səthinin qançırı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxslərin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə eyni zamanda hesab edir ki, inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar