Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-392/2020 12.06.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Böyük təhqiqatçısı X3, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati xəta haqqında materialına baxaraq Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2020-ci il tarixli, 13000-0117/20 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Böyük təhqiqatçısı X5 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə sifarişçi Şəxs MMC-nin ünvanına göndərilən müəhərrik yağları ilə yüklü olan 99RJ786/10ZJ724 nömrəli nəqliyyat vasitəsi “Samur" gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Şəxs MMC tərəfindən gətirilən mallara dair, həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********8189 saylı gömrük bəyannaməsinin 40-cı qrafasına əsasən də qısa idxal bəyannaməsinin verilməməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək göstərmişdir ki, Şəxs MMC tərəfindən gətirilən malların gömrük ərazisinə gətirilməzdən əvvəl mallar barədə elektron formada verilməli olan qısa idxal bəyannaməsinin verilməməsi ixracatçı şirkət tərəfindən göndərilmiş malların Azərbaycan Respublikasının gömrük ərazisinə çatma vaxtının əvvəldən MMC-yə bildirilməməsi səbəbindən baş vermişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan xx.xx.2020-ci il tarixli, 13000-0117/20 saylı inzibati xəta haqqında protokoldan və gömrük bəyannaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə sifarişçi Şəxs MMC-nin ünvanına göndərilən müəhərrik yağları ilə yüklü olan 99RJ786/10ZJ724 nömrəli nəqliyyat vasitəsi “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Şəxs MMC tərəfindən gətirilən mallara dair, həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməli olan qısa idxal bəyannaməsinin təqdim edilməməsi, eləcə də MMC tərəfindən təqdim edilmiş **********8189 saylı gömrük bəyannaməsinin 40-cı qrafasına əsasən də qısa idxal bəyannaməsinin verilməməsi müəyyən olunmuşdur. Nəticədə, gömrük qaydaları əlehinə inzibati xəta bas vermişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 18-ci maddəsinin tələblərinə əsasən, Şəxs MMC hüquqi şəxsdir. Buna görə də o, hüquqi şəxs kimi inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-392/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-392/2020
12.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver