Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-399/2024 29.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qubanova Səkinə Nadir qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin polis sahə rəisi, polis baş leytenantı Yüzbaşov Emil Vaqif oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin sahə rəisi, polis baş leytenantı Yüzbaşov Emil Vaqif oğlu tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis baş leytenantı Yüzbaşıyev Emil Vaqif oğlu oğlu bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən səhər 07-20 radələrində “Kia” markalı 99TP-468 dövlət qeyiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılmışdır. Bu vaxt saxlanılan sürücünün dəvəti əsasında “Kia Ceed” markalı 99VB- 263 dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə manevrlər edərək yol hərəkəti qaydalarını davamlı olaraq pozmaqla və əks nəqliyyatın yoluna çıxaraq qayda pozuntusu törətməklə onların yanına yaxınlaşmış, idarə etdiyi nəqliyyat vasitəsini duracağa yerləşdirmişdir. Bu zaman o, yol polisi əməkdaşlarına tabesizlik göstərərək hədələyici sözlər işlətmiş, dostunun avtomobili duracaqdan çıxarılmadığı halda, özünə xəsarət yetircəyini bildirmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərinə davam etdiyinə görə, onu növbətçi hissəyə gətirmişlər. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, xx.xx.2024-cü il tarixdə təxminən səhər 07-20 radələrində, idarə etdiyi “Kia Ceed” markalı 99VB-263 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksinin yaxınlığında hərəkətdə olan zaman tanışı Musa ona zəng edərək yol hərəhəti qaydalarını pozduğuna görə polis əməkdaşlarının onu saxladığını və avtomobilinin duracağa yerləşdirildiyini bildirdi. O, Musanın yanına gedib onlara çatmaq üçün avtomobilini bir qədər tələsik idarə etmiş, onların yanına çatanda yol polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğunu onun idarə etdiyi avtomobili duracağa yerləşdiriləcəyini bildirmişdir. O, polis əməkdaşlarına avtomobilinin əsassız şəkildə duracağa yerləşdirildiyini bildirmiş, əks halda özünə xəsarət yetircəyini bildirmişdir. Buna baxmayaraq, avtomobili duracağa yerləşdirildiyindən o, sol qoluna xəsarət yetirmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlu hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib olunan protokol Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi düzgün tərtib olunmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə dindirilərkən və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs oğluna inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130--cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 13:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-399/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-399/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver