Məhkəmə qərarları › İş №3(012)-4/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-4/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-4/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 908752 saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 908752 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhər Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşları tərəfindən ehtibarnamə ilə idarə etdiyi avtomobil saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Sonradan ona İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən barəsində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağına görə, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən xx.xx.2019-cu il tarixdə qüvvəyə minən EQ 908752 saylı qərar qəbul edilmişdir. 070 634 10 97 saylı mobil nömrə əvvəllər onun istifadəsində olmuş, sonradan mobil nömrəsini dəyişmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən xx.xx.2019-cu ildə qəbul edilmiş EQ 908752 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Qərarından şikayət verilmiş BDYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, qərarından şikayət verilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 908752 saylı qərarından görünür ki, yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşması faktı aşkar edilmiş və nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 10 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. «xxxx» MMC-in çıxarışından görünür ki, X2 adına olan xx.xx.2014-cü il tarixdən deaktiv olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Şikayətə əlavə edilmiş inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta haqqında işə xx.xx.2019-cu il tarixdə baxılmışdır. X2 iştirakı olmadan və ona bu barədə məlumat verilmədən qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, X4 iştirakı olmadan barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat inzibati cərimə tətbiq edilməsinə dair birbaşa qərar qəbul etmişdir. Bundan əlavə BDYPİ-si X2 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmiş, sonuncunun iştirakı olmadan inzibati xəta haqqında protokola baxaraq, xx.xx.2019-cu il tarixdə 10 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bundan başqa X3 məxsus 070 634 10 97 saylı mobil nömrə xx.xx.2014-cü il tarixdən deaktiv olmuşdur. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Həmçinin sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X4 tərtib edilmiş protokolda qeyd olunan yəni inzibati xətanın törədildiyi vaxtda Sumqayıt şəhərində olmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2019-cu il tarixli, EQ 908752 nömrəli qərarda hər hansı sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Məhkəmədə X2 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübut olunmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, onun barəsində tərtib edilmiş protokol əsasında onun inzibati cərimə edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinib, 10 manat inzibati cərimə tətbiq edilməsinə dair BDYPİ-in xx.xx.2019-cu il tarixli, EQ 908752 saylı qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə tənbeh edilərək 10 manat məbləğində cərimə tətbiq edilməsinə dair BDYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ 908752 saylı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar