Məhkəmə qərarları › İş №3(012)-40/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-40/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-40/2024 08.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarından vermiş olduğu şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin X10 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Fərhad Zeynallı şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, onun şikayəti əsassız yerə onun avtomobilinin cərimə meydançasına aparılması və barəsində protokol tərtib edilməsi ilə əlaqədardır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 6 radələrində yaşadığı ünvanın yaxınlığında avtomobilini idarə edən zaman 631 dövlət qeydiyyat nömrəli DYP avtomobilində xidmətdə olan polis serjantı X4 ona saxla əmri vermiş, yağışlı və qaranlıq havada gözəyarı baxaraq ona avtomobilinin duman hissəsində led işıq olmasını irad bildirmiş, o, isə avtomobilinin texniki baxışdan bu vəziyyətdə keçdiyini və uyğunsuz hal olmadığını bildirməyinə baxmayaraq məcburi halda onun avtomobilini yaşadığı yerin yaxınlığında yerləşən cərimə meydançasına aparmışdır. Uzun müddət orada gözləməsinə baxmayaraq, ona heç bir sənəd və protokol verilməmiş, bununla bağlı həmin tarixdə 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. xx.xx.2023 tarixdə, saat 12 radələrində Abşeron rayon X10 Şöbəsinə yaxınlaşaraq polis əməkdaşı olan Tural Şəkərovla görüşmüş, həmin əməkdaşa avtomobilinin istismardan düşdüyünü və avtomobilinin qanunsuz olaraq cərimə meydançasında olduğunu bildirmişdir. Tural Şəkərov ona qarşı öz həmkarını müdafiəedici və saymazyana danışıqlar etdiyindən, o, bu məsələ ilə bağlı şikayət edəcəyini bildirmiş, sonuncu ona qərarsız protokol yazılacağını və bu barədə şikayət edə biləcəyni bildirmişdir. O, həmin gün avtomobilini cərimə meydançasından çıxarmış və axşam saatlarında telefonuna qərarlı protokol barədə bildiriş gəlmişdir. Bir neçə gün sonra bu məsələ ilə bağlı tanışları ilə danışdıqda, onlar avtomobilinə baxaraq led işığın tənzimləyicisi (lupa) olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixində yenidən polis əməkdaşı Tural Şəkərova yaxınlaşmış, lakin sonuncu onun danışmasına imkan verməyərək, protokolun nüsxəsini alıb, şikayət etməyini bildirmişdir. Avtomobilini heç bir sənəd tərtib etmədən cərimə meydançasına aparılması, heç bir sənəd olmadan cərimə meydançasından buraxılması, şikayətinə baxan polis əməkdaşı Tural Şəkərovun şifahi şikayətinə nəzər yetirmədən, avtomobilinə cərimə meydançasında yenidən baxış keçirmədən qərarlı protokol yazılması və protokol yazılarkın ona heç bir sənəd verilməməsi qeyd olunan əməkdaşların vəzifələrindən sui-istifadı etməsindən xəbər verir. Qeyd olunanlara əsasən barəsində protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsinə göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Abşeron rayon X10 Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 tərəfindən inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 12 dekabr 2023-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 150 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə- yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: 1 saylı Əlavənin 3 bəndinə əsasən

1. xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.)

2. faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda;

3. Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda;

4. İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə;

5. Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda;

6. Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır.

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə X2 barəsində vəzifəli şəxs tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda quraşdırılmış avadanlığın dəyişdirilməsinin nədən ibarət olması göstərilməmiş, Məcəllənin müvafiq maddəsi qeyd olunmaqla kifayətlənilmiş, heç bir sübuta istina edilmədən qərar qəbul edilmiş, həmçinin şəxsin inzibati xətanı törətməsi və qərar qəbul edilərkən vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və yekun olaraq polis əməkdaşı öz mülahizəsinə əsasən protokol tərtib edilərək, ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında Fərhad Zeynallı izahatında bildirmişdir ki, dəfələrlə səlahiyyətli orqana barəsində tərtib edilmiş protokolun surətini əldə etmək üçün müraciət etməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ona həmin protokolun surəti təqdim edilməmiş, bundan əlavə onun avtomobili 1 gün cərimə meydançasında saxlanıldıqdan sonra avtomobilə quraşdırılmış avadanlıq sökülmədən ona qaytarılmış, sonuncu hal-hazırda da istifadəsində olan nəqliyyat vasitəsini həmin quraşdırılmış avadanlıqla idarə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şikayətçinin avtomobilində olan LED işıqların standartlara uyğun olub-olmaması (yəni həmin işığın miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmaması və s.) müəyyən edilməməklə inzibati orqan tərəfindən qərar qəbul edilərkən ətraflı araşdırılmamış, bununla bağlı hər hansı mütəxəssis və ya ekspert rəyi alınmamış, hər hansı normativ akta istinad edilməmiş, bu isə öz növbəsində X1 şikayətinin qismən təmin edilməsinə əsas olmuş, barəsinə inzibati tənbeh tətbiq edilmiş şəxsin iştirakı ilə yenidən araşdırılma aparılmasına və qərar qəbul edilməsinə zərurət yaratmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Polis İdarəsinin X10 X8 Xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Abşeron Rayon Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar