Məhkəmə qərarları › İş №3(012)-406/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-406/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-406/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət verən X3 və Abşeron DYP YPX inspektoru polis serjantı X4 iştirakı ilə, X3 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon DYP-nin xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X7 bildirdi ki, Opel Astra minik markalı 42 CJ193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sumqayıt yolu istiqamətində hərəkətdə olan zaman polis serjantı X5 tərəfindən saxlanılaraq əsassız və səbəbsiz yerə AR İXM-nin 329.3 və 333.1-ci maddələri ilə cəzalandırmışdır. Abşeron DYP Yol patrul xidməti inspektoru polis serjantı X2 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarında onun içkili olmağı xx.xx.2024-cü il tarixdə saat 02:15 radələrində idi. İçkili olmadığını bildirərək və bir gün əvvəl enerji içkisi içdiyini demişdir. Onu başa düşdüyünü deyərək, sadəcə yoxlanış apardığını bildirdi və kağıza sadəcə bir gün əvvəl enerji içkisini içdiyimi yazmağını xahiş etdi və o da yazmışdır. Həmin ki günün saat 03:05 radələrində içkili olmadığını sübuta yetirmək üçün Respublika narkoloji Mərkəzinə getmiş və 2/8625 nömrəli protokol tərtib edilmiş və içkili olmadığı öz təsdiqini tapmışdır. O, qeyd olunanları nəzərə alaraq, Abşeron rayon DYP-nin YPX-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Abşeron DYP YPX inspektoru polis serjantı X8 bildirdi ki, X7 xx.xx.2024-cü il tarixdə saxlanılmış, müayinə edilmiş, içkili olduğu müəyyən edilmiş, bununla bağlı görüntülər də var, şəxs özü də etiraf etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X3 barəsində Azərbaycan Respublikası DİN Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolundan və xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarından müəyyən edilir ki, “Opel Astra” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixli 218625 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, X7 tibbi müayinədən keçmiş, alkotest 0,404 litr qeydə almış və o, sərxoş vəziyyətdə olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1ci maddələrinin tələblərinə pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Şikayətinin dəlilləri işə baxılarən təsdiq olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 329.3-cü maddəsinin dispozisiyasına görə, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla nəqliyyat vasitəsinin idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. 333.1-ci maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən İİ hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Həmin Qanunun 73-cü maddəsinin 8-ci bəndinə əsasən Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, həmin qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Abşeron rayon DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar