Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-41/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş 27 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, dövlət orqanlarının elektron informasiya sisteminin təhlili nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan (VÖEN: **********) "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasını təmin etməmişdir. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törərmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən 27 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlanmayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqaviləsi təhlilləri nəticəsində "xxxx" MMC-də bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobudcasına pozduğu müəyyən edilmiş və inzibati xəta haqqında iş üzrə icraata başlama barədə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edilmiş, lakin sonuncu inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmişdir. Bu səbəbdən 27 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ünvanına və aidiyyəti üzrə baxılaraq inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsi "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, firmanın işçisi səhvə yol verdiyindən sığorta müqavilələri vaxtında bağlanmamışdır. İllərdir fəaliyyət göstərdiklərini, dövlətə və vətəndaşlara xidmət göstərdiklərini nəzərə alaraq, yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional ərazi şöbəsinin Abşeron Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla rəsmi müraciət edilmiş və məktub xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. Lakin "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi protokol tərtib edilərkən iştirak etməmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti "xxxx" MMC-yə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması İXM-nin 469.2-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 2.0.1 -ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (bundan sonra-icbari sığorta) istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedikdə - fiziki şəxsin işləri, xidmətləri (bundan sonra - əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta olunanların kateqoriyalarında və peşə riski dərəcəsində, həmçinin əmək haqqı fondunda dəyişikliklər baş verərsə, sığorta haqqı bu dəyişikliklərin tarixindən müvafiq müqavilə ilinin başa çatmasına qədər qalmış vaxta mütənasib şəkildə yenidən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, İXM-nin 469.2-ci maddəsindəki inzibati xəta davam edən inzibati xəta deyildir. Həmin inzibati xəta "uzanan inzibati xəta” hesab edilə bilər. Buna görə də bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, "inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Belə ki, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin qanunverici Məcəllənin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə yenidən məsuliyyətə cəlb etmənin mümkünlüyünü aydın göstərsə də, uzanan inzibati xətalardan bəhs etməmişdir. Həmçinin həmin Qərarda qeyd edilir ki, "Uzanan hüquqpozuntuları” (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir.” Beləliklə, hazırkı iş üzrə inzibati xəta tərkibi yaradan əməl uzanan əməldir. Davam edən əməl deyildir. Uzanan və davam edən əməllər bir birindən fərqlənir, eyni deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda sadalanan qərarlarındakı göstərilənlərə əsasən məhkəmə qeyd etməyi zəruri bilir ki, nəzərə almaq lazımdır ki, İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır kimi müddəa olsa da, həmin müddəanın tətbiqi ixtiyari bir inzibati xəta üçün və ixtiyari bir formada tətbiq üçün müəyyən edilməmişdir. Məhkəmə hazırkı iş üzrə "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Abşeron Xızı regional şöbəsinin "xxxx" MMC-yə ünvanlamış olduğu xx.xx.2022-ci il **********0 nömrəli məktubdan görünür ki, “əmək müqaviləsi bildirişi” altsisteminin təhlilləri nəticəsində "xxxx" MMC tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması aşkar olunmuşdur. Həmin məktub "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Belə olduğu təqdirdə, "xxxx" MMC-nin işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi artıq xx.xx.2022-ci il tarixdən X5 Xidmətinə aşkar olmuşdur. Lakin sözügedən protokol baxilması üçün xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən inzibati xətanın törədildiyi gündən (xx.xx.2022-ci il) üç aydan artıq müddət keçmişdir. Beləliklə, uzanan inzibati xətalara münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38-ci maddəsində ayrıca tənzimlənmədiyindən, həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.1-ci maddəsinə əsasən ümumi qaydada tənzimlənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 6.3-cü maddəyə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-41/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-41/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver