Məhkəmə qərarları › İş №3(012)-415/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-415/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-415/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X2 tərəfindən X4 Polis İdarəsinin 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Altay Abbaslı ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, o, TP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolla və inzibai inzibati tənbeh vermə haqqında qərarı ilə qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 327.1-ci maddəsi ilə 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Sözügedən qərarda qeyd edilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixində, saat 12:42-də Sumqayıt yolu, 14, GPS: 40.4827119,49.730589 ərazidə TOYOTA PRİUS minik markalı, 77GE635 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, nəqliyyat vasitəsinin idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixator maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 327.1-ci maddələrinin tələblərini pozmağı qeyd edilmişdir. Halbuki qeyd edilən hallardan heç biri baş verməmişdir. Belə ki, TOYOTA PRİUS minik markalı, 77GE635 dövlət qeydiyyat nişanlı avtomobilin ona heç bir aidivyatı yoxdur və onun sahibini tanımır. Həmin avtomobilin hansı rəngdə olduğunu belə bilmir. Dövlət yol polisi nəqliyyat vasitəsinin idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixator maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə cərimə tətbiq etmişdir. Qanunla yol polisi əməkdaşı həmin cəriməni tətbiq edərkən həkim müayinəsindən keçirilməli idi. Bundan başqa video görüntülər olmalı idi. Bir daha vurğulayır ki, onun həmin avtomobillə heç bir əlaqəsi yoxdur və həmin avtomobil onun tərəfdən idarə olunmamışdır. Yol polisi tərəfindən hər hansı sübutlar vardısa, məhkəməyə təqdim etdikləri təqdirdə o, cəriməni ödəməyə hazırdır. Bu dediklərini özünə tam əmin olduğu üçün ərizədə qeyd edir. Hesab edir ki, Abşeron DYP-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassızdır və məhkəmə qərarı ilə ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, X4 Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə X4 Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, X2 barəsində tərtib edilmiş 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. X4 Polis İdarəsinin 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 20 yanvar 2025-ci il tarixdə, saat 12:42də X2 idarə etdiyi “Toyato Prius markalı”, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.

Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunu Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim etməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. X2 təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Qanunvericiliyin prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan başqa aparılmış araşdırma zamanı müəyyən olunmuş hallardan biridə X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməməsi, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda şəxsin barəsində əsassız olaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsi faktıdır. Belə ki, şəxsin inzibati tənbehvermə haqqında qərarda göstərilən inzibati xətaları törətməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Eyni zamanda qərardan verilmiş şikayətə məhkəmədə baxılarkən inzibati xəta haqqında protokolu və qərarı tərtib edən orqandan sözügedən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sübutların məhkəməyə təqdim olunması tələb olunsa da, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə təqsirsizlik prezumpsiyasına əsaslanaraq hesab edir ki, X1 əməlində törədilməsi üçün əsas olan hallara rast gəlinmədiyindən şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 327.1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair X4 Polis İdarəsi tərəfindən qəbul edilmiş 20 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası X4 Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar