Məhkəmə qərarları › İş №3(012)-422/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-422/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-422/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin YPX İnzibati Qrup polis mayoru X3 tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərar qəbul edilmişdir. O, 14 yanvar 2025-ci il tarixli TP seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 332.1 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, “HYUNDAİ İ30” minik markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi olaraq, barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu hesab edir. O, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş, işlədiyi müddətdə ona şirkət tərəfindən verilmiş avtomobildə heç bir qanun pozuntusuna yol verməmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən o öz xahişi ilə işdən azad olunmuşdur. Ondan sonra həmin sürücü vəzifəsinə X4 qəbul olunmuş və şirkətə məxsus olan avtomobili xx.xx.2024-cü il tarixdən etibarən o idarə etmişdir. Həmin şəxs şirkətə məxsus avtomilnən yol hərəkəti qaydalarını pozmuş və həmin inzibati xətaya dair protokollar onun adına tərtib olunmuşdur. O, dəfələrlə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etdikdən sonra "xxxx" MMC-nin sürücüsü X1 adına yönəldirilmişdir. Sadəcə həmin cərimələr onun adına yazıldıqda onun sürücülük hüququ məhdudlaşdırılmış və ona 5 dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. O yenədə Baş Dövlət Yol Polis İdarəsinə müraciət edərək, bildirmişdir ki, onun adına olan cərimələr şirkətin sürücüsünə yönəlmiş, sadəcə sürücülük hüququ həmin cərimələrə görə məhdudlaşdırılmış və ona inzibati protokollar tərtib olunmuşdur. Baş Dövlət Yol Polis İdarəsində ona bildirilmişdir ki, ona tərtib olunmuş cərimələri və sürücülük hüququmun məhdudlaşdırılmasına dair qərarları onlar silə bilmirlər, yalnız məhkəmə qərarı əsasında şilinə bilər. Şikayətdə qeyd olunanları nəzərə alınaraq, qəbul edilmiş qərarın ləğv olunmasını xahiş olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş X6 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət edilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, qərarından şikayət edilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və eyni zamanda işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə qərarından şikayət edilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 14 yanvar 2025-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “HYUNDAİ 130” minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X6 tərəfindən xx.xx.2024cü il tarixdə, saat 14:12-da Bakı Quba yolu 8,7 km-də nəqliyyat vasitəsinin etibarnamə olmadan və nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Sözügedən Məcəllənin 60.4-cü maddəsinə əsasən bildiriş bu Məcəllənin 57.1 – 57.5- ci maddələrində nəzərdə tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında şlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də əlavə məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4 və 61.1.5-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək və işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları var. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətə baxılması bir neçə dəfə təxirə salınsa da, bu müddət ərzində də şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə qərar qəbul etmiş orqan tərəfindən bu yöndə müvafiq addımlar atılmamış, buna cəhdlər edilməmiş, hətta özü belə sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzada bildiyindən, həmçinin qanunvericilik məhkəməyə qeyd olunan müddət ərzində inzibati xəta ilə əlaqədar işlərə baxılması imkanı tanıdığından hazırkı şikayətin araşdırılmasının əlavə müddətə uzadılması inzibati xətalar haqqında qanunvericiliyin pozulması ilə şərtlənər ki, bu da yolverilməzdir. Yəni, qanunverici bununla işin davamlı müddətdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş son müddəti ötürməklə, araşdırma imkanını məhdudlaşdırmışdır. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş mübahisəli qərarla və şikayətçinin nümayəndəsinin izahatı ilə mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq mümkün olmadığına görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Çünki, şikayətin hərtərəfli, obyektiv araşdırılması üçün zəruri olan sənədlərin təqdim edilməməsi mövcud ziddiyətli halların aradan qaldırılmasında və işin həqiqi hallarının ortaya çıxarılmasında maneə yaratmaqla, bərabər faktın araşdırılması imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin məhz kimin tərəfindən törədilməsi (işə əlavə edilən fotoşəkillərdən hadisənin kim tərəfindən törədilməsi müəyyən edilməmiş qalmışdır) dəqiq müəyyən edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz səlahiyyətli orqanın üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, həm milli, həm də beynəlxalq hüququn mövqeyindən çıxış edərək, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, adətən, bütün sübutlar xəta törədən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Yəni, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar mübahisələndirildiyindən, eyni zamanda, işə baxılması vaxtı və yeri barədə qərarından şikayət verilən orqan lazımı qaydada məlumatlandırıldığından (dəfələrlə bildiriş və sübutların təqdim edilməsi barədə məktublar göndərilsə də) sonuncu orqan bu mövqeyini sübutlarla əsaslandırmalı, həmin sübutları açıq məhkəmə iclasında təqdim etməli idi. Məhkəmə iclasında X6 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə qəbul olunmuş, işlədiyi müddətdə ona şirkət tərəfindən verilmiş avtomobildə heç bir qanun pozuntusuna yol verməmiş, bundan sonra xx.xx.2024-cü il tarixdən o öz xahişi ilə işdən azad olunmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə, saat 14:12da Bakı Quba yolu 8,7 km-də “HYUNDAİ 130” minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı nəqliyyat nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb təqdim edilmiş sübutlara əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət qismən təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə) göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar