Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-426/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X1, hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 215.1, 602.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 602.4-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus Stomatologiya müəssisəsində planlı yoxlama zamanı lisenziyadan kənar vəsaitlər aşkar edilmiş, eyni zamanda yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməmişdir. Nəticədə hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 protokolda qeyd edilənlərə uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-in barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatlarla razılaşmadıqlarını bildirərək, izahatında göstərmişdir ki, sübutetmə vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən törədilməsi ehtimal olunan pozuntunun mövcud olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Şəxs MMC qeyd olunan ünvanında qanunla müəyyən olunmuş qaydada öz nizamnaməsinə və lisenziyasına əsasən fəaliyyət göstərir. Eyni zamanda inzibati məsuliyyətə cəlb etmə müddətinin 3 ay olduğu İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində açıq təsbit olunmuşdur. Odur ki, hüquqi şəxsin barəsində iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli 847 nömrəli, qərardan müəyyən olunur ki, Şəxs MMC-in fəaliyyətinin yoxlanılması məqsədilə xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə həmin müəssisədə planlı yoxlama aparılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus Stomatologiya müəssisəsində planlı yoxlama zamanı sertifıkatsız tibb fəaliyyəti və lisenziyadan kənar cərrahi və ortodontik işlərə müvafiq vəsaitlər, yəni tikiş materialları, skalpel, breyketlər, abatman aşkar edilmiş, eyni zamanda yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməmiş, nəticədə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1, 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisənin xx.xx.2022-ci il tarixli 566 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, tibbi qeydiyyat sənədlərinin ARSN xx.xx.2016-cı il tarixli, 100 nömrəli ƏMRİ-i ilə təsdiq edilmiş formalar üzrə aparılmır (Müəssisə daxili FONET-proqram ilə həyata keçirilir). Tibbi Statistik hesabatlar müəssisə üzrə ayrıca Səhiyyə Nazirliyinə təqdim edilmir. Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, hüquqi şəxsin nümayəndəsi tərəfindən zəruri olan sənədlərin təqdim edilməsi haqqında tələbnamə təqdim edilməsinə baxmayaraq yoxlamaya aid sənədləri təqdim etməkdən imtina etmiş və bununla da yoxlamanın keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə proses iştirakçısının işin halları ilə bağlı verdiyi izahatı dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələr ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə tövsif olunsa da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olması sübuta yetmir. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir; 20.3-cü maddəsinə əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır. Məhkəmə Şəxs MMC-in nümayəndəsinin gətirdiyi dəlilərlə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus Stomatologiya müəssisəsində sertifıkatsız tibb fəaliyyəti və lisenziyadan kənar iş və fəaliyyət göstərməsinə dəlalət edir. Məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə və işin faktiki hallarına uyğun olmuş və Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi xüsusatı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər (İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsi, yəni Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. 02 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanunun 1-ci bəndinə əsasən İXM-in 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Məhkəmə iclasında müyyən edilmişdir ki, Şəxs MMC tərəfindən törədilmiş inzibati xətalar xx.xx.2022-ci il tarixdə aşkar edilmiş və müvafiq aktla həmin tarixdə rəsmiləşdirilmişdir. Həmin tarixdə də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs MMC-yə inzibati tənbeh verilməsi müddəti bu tarixdən 3 ay (02 dekabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 664-VİQD nömrəli Qanununa əsasən inzibati xətanın törədildiyi gündən 04 ay) sonra, yəni xx.xx.2022-ci il tarixdə bitmişdir. Şəxs MMC-in barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi vaxtdan yəni, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra Abşeron Rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman isə inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə münasibətdə isə aşağıdakıları qeyd edir: İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinin sanksiyasından məlum olur ki, həmin maddəyə əsasən hüquqi şəxslərin barəsində inzibati xəta haqqında icraatın aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Yalnız vəzifəli şəxslər barəsində qeyd olunan maddəyə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında protokol vəzifəli şəxs barəsində deyil, hüquqi şəxs olan Şəxs MMC barəsində tərtib olunmuşdur. Halbuki, Şəxs MMC inzibati xətanın subyekti deyil və bu səbəbdən də onun barəsində tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməli və qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatması əsası ilə, Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinsin və həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatması əsası ilə, Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-426/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-426/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver