Məhkəmə qərarları › İş №3(012)-432/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-432/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-432/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rəsul oğlunun və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Ağdaş rayonu, Yuxarı Zeynəddin kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayan ***-***-**-** Şəxs Rəsul oğlunun barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Rəsul oğlunun, polisin tələbini yerinə yetirmədiyinə və polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X3 izahatında göstərdi ki, 20.02.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sulutəpə qəsəbəsi dairəsində Bakı-Şamaxı şossesində Abşeron RİH-nə məxsus hasarın divar daşları Şəxs Rəsul oğlu tərəfindən qanunsuz olaraq sökülmüşdür. Ona qanunsuz hərəkəti barədə hadisə yerində xəbərdarlıq olunmasına baxmayaraq polisin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rəsul oğlu qeyd olunan inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Abşeron rayonu, Sulutəpə qəsəbəsində göl kənarında Gülnaz adlı xanıma məxsus “Ləziz dönər” adlı yeri X4 ilə birlikdə icarəyə götürmüşlər. Sözügedən yerin ön hissəsi Abşeron RİH tərəfindən mişar daşları ilə hörülmüş üzərinə üzlük daş və kafel materialı ilə bərkidilmiş hasardan ibarətdir. Həmin yerə bir tərəfdən giriş olduğundan, müştərilərin görmə və alqı-satqısı zəif olduğundan onlar 20.02.2022-ci il şənbədən bazara keçən gecə 2x1.80 ölçüdə özbaşına pəncərə yeri açmışlar. Onlara polis əməkdaşları yaxınlaşıb onlara qanunsuz əməlləri ilə bağlı məlumat vermişlər. Bu zaman o, polisin qanuni tələblərinə tabe olmamışdır. Sonda o, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini və belə halların bir daha baş verməsinə yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rəsul oğlunun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs Rəsul oğlu polis əməkdaşının onu nizamintizama dəvət etməsinə məhəl qoymamış, əksinə, öz hərəkətlərini davam edərək, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Rəsul oğlunun əməlində həmçinin, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Rəsul oğlunun Azərbaycan Respublikasının İXMin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi ifadəsi və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Rəsul oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs Rəsul oğlunun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Şəxs Rəsul oğlu 27.02.2022-ci il tarixdə inzibati qaydada tutulmuş və ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edildiyindən o, dərhal məhkəmə zalından azad edilməlidir. Hesab edirəm ki, Şəxs Rəsul oğluna cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəsul oğluna məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Rəsul oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 200 manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. O, dərhal məhkəmə zalından azad edilsin. Qərarın icrası Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəsul oğluna məhkəmə iclasında 03 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar