Məhkəmə qərarları › İş №3(012)-432/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-432/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-432/2024 06.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Abşeron RPİ-in DYPŞ-si tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, inzibati araşdırma zamanı, inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisinin inzibati xəta haqqında protokol barədə məlumatlandırılması (çatdırılmanı və ya mümkünsüzlüyünü təsdiq edən sübutla birlikdə), həmin orqanının informasiya sisteminin inzibati xəta haqqında protokolu və onun əlavələrini nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərməsi, orqanın informasiya sisteminin nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, İXM-nin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatın dərhal göndərilməsi, inzibati tənbeh vermə haqqında elektron qərarın əlavə edilmiş materiallarla birlikdə orqanın mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilməsi barədə sübutlar təqdim edilməmişdir. Materiala əlavə edilən, şəxsin istifadəsində olan mobil telefonuna sms göndərilməsi barədə arayış isə formal xarakter daşıyır, smsin hansı məqsədlə göndərilməsi, məzmunu, göndərilən nömrə, smsin çatdırılmasını əks etdirən məlumat həmin arayışda öz əksini tapmamışdır, ona görə yuxarıda göstərilən tələblərə əməl edilməsi demək deyildir. Hesab edirəm ki, qanunvericiliyin tələbinə əməl edilməsini özündə əks etdirən sübutun təqdim edilməsi məqsədəuyğun olardı. Bundan başqa, materialın məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsələsi yoxlanılarkən həmçinin barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmiş Şəxs Bakı şəhəri Suraxanı rayonunda qeydiyyatda olduğu məlum olmuşdur. İstinad olunan maddənin tələbinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Qeyd olunmalıdır ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmə hərəkətsizlikdə ifadə olunmaqla, inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab edilir. Belə olan halda, inzibati materialın Abşeron Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilib baxılması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinin dispozisiyasından da göründüyü kimi qanunvericilik səlahiyyətli şəxsə, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan, onun barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərmək səlahiyyətini, yalnız inzibati xətanı törətmiş şəxsin lazımi qaydada məlumatlandırıldığı halda vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində olan inzibati material, çatışmazlıqlar aradan qaldırılmaqla onun ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunaraq göndərilməsi məsələsinin həlli üçün, inzibati xəta haqqında protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokola dair material Abşeron RPİ-in DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar