Məhkəmə qərarları › İş №3(012)-435/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-435/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-435/2025 11.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abçeron rayon Vəkil Bürosunun vəkili X4, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1988-ci ildə ildə Naxçıvan MR,Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi ev 5, mənzil 11-də yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4378/2023 saylı 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 42000 manat təşkil edir. Borclu ümumiyyətlə ödənişlər etməmişdir. Şəxs şöbəyə dəvət edilmiş, lakin şəxs gəlmədiyi üçün barəsində axtarış qərarı verilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, ümumiyyətlə icra sənədi üzrə heç bir ödəniş edə bilməmişdir, tələbkar şəxslərlə razılıq əldə etmək istəmiş, lakin onlar ilkin 5000 manat ödəniş istədiyi üçün razılıq əldə edə bilməmişdir. Lakin hazırda heç bir ödəniş etməyə imkanı yoxdur. Borcu ödəmək üçün məhkəmədən vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X6 müdafiə etdiyi şəxsin işsiz olduğunu və borcu ödəmək üçün imkanının olmadığını bildirərək onun barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron Rayon Məhkəməsinin 2(012)-4378/2023 saylı 30 noyabr 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 37500 (otuz yeddi min beş yüz) manat, illik 5 faiz hesablanmaqla ödənilməmiş 3750 manat, ödənilmiş dövlət rüsumuna görə 204 (iki yüz dörd) manat və vəkil xərcinə görə 546 (beş yüz qırx altı) manat məbləğində pul vəsaiti alınaraq iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi qət olunmuşdur. 20 fevral 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. 06 mart 2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə qəsdən təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmədə borclu Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, o cümlədən icra sənədi üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra məmurunun çağırışlarından yayındığını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini nəzərə alaraq, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh növü tətbiq edilsin. İnzibati həbs etmənin xx.xx.2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar