Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-437/2021 06.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Hüseyn qızının katibliyi, Vəsatət verən şəxs Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X1, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Abşeron Rayon Polis İdarəsində istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 haqqında “həbs” qətimkan tədbirinin seçilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımovun təqdimatına toplanmış ilkin materiallarla birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X1 vəsatəti əsasında Abşeron rayon prokuroru, baş ədliyyə müşaviri Qabil Qasımov təqdimat verərək təqsirləndirilən şəxs X5 barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilməsi baxılmasını təklif etmişdir. Vəsatətə baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 447.6-cı maddəsində göstərilir ki, müraciətin baxılma yeri və müddəti haqqında vaxtında məlumatlandırılmış bu Məcəllənin 447.3-cü maddəsinin göstərilən şəxslərin (vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi) istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur. Təqdimatda və toplanmış ilkin istintaq materiallarında göstərilmişdir ki, X5 30 mart 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat məbləğində nəğd pul verməklə şəxsi istehlak miqdarından artıq miqdarda 0,211 qram çəkidə narkotik vasitə hesab olunan heroini əldə edib üstündə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsi Ş.Qurbanov küçəsinə daşımış, həmin günü saat 18 ıadələrində Abşeron rayonu Masazr qəsəbəsində Ş.Qurbanov küçəsində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxalnılaraq polis idarəsinə gətirilmiş, xidməti otaqda üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə umumi xalis çəkisi 0,211 qram olan Heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X1 vəsatəti təsdiqləyərək bildirdi ki, X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. 30.01.2021- ci ildə X5 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İstintaq zamanı şübhəli şəxs qismində dindirilərkən X5 törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. 01.04.2021-ci ildə X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Belə ki, X3 elan olunmuş maddənin az ağır cinayət olmasını, əvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, bundan əlavə o, azadlıqda qalarsa cinayət qanunu ilə nəzədə tutulan əməli yenidən törədə bilər, cinayət prossesini həyata keçirən orqandan gizlənə, istintaqın və məhkəmənin normal gedişinə mane ola biləcəyini nəzərə alaraq onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 istintaqın çağırışlarına vaxtlı-vaxtında gələcəyini bildirərək onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 ifadəsində təqsirləndirilən şəxs X2 istintaqın gedişatına maneçilik törətməyəcəyini əsas gətirərək təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, təqdimatı və ona əlavə edilmiş materialları nəzərdən keçirib, mövcud sübutları tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs X3 elan olunmuş maddənin az ağır cinayət olmasını, əvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, bundan əlavə o, azadlıqda qalarsa cinayət qanunu ilə nəzədə tutulan əməli yenidən törədə bilər, cinayət prossesini həyata keçirən orqandan gizlənə, istintaqın və məhkəmənin normal gedişinə mane ola biləcəyini nəzərə alıb, barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə, cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə və 155.3.3 əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 278.4-cü maddəsinə görə bu məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxs barəsində məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs, ev dustaqldığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçə və ya dəyişə bilər. «İnsan hüquqlarının va əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn va ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törədildikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğu hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması şəxsin azadlıq va şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə əsasən həbs qətimkan tədbirinin tətbiqinə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu hallarda yol verilir. Yəni bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur va cəmiyyət üçün təhlükəli olmaqda qalır. «Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı taqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2009-cu il tarixli 2 saylı qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 155.3cü maddəsinə əsasən təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri bir qayda olaraq iki ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilrnəsində ittiham olunan şəxsə tətbiq oluna bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 154-158.1, 447, 448 və 452-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Təqdimat təmin olunsun.
2. 28.03.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, işsiz, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan X5 barəsində “həbs” qətimkan tədbiri seçilsin.
3. Həbsdə saxlamanın müddəti 03 (üç) ay müddətə müəyyən edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu 30.03.2021-ci il tarixdən hesablansın.
4. Qərarın surəti vəsatət vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsin həbsdə saxlanılma yerinin müdiriyyətinə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə verilsin.
5. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin.
6. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə, qərarı qəbul etmiş məhkəmənin və ya həbsdə saxlanılma yeri müdiriyyətinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim:Şövkət Nəcəfova