Məhkəmə qərarları › İş №3(012)-449/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-449/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-449/2024 11.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati protokol və ona əlavə edilmiş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolun təsviri hissəsində göstərilmiş xətanın (tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsi və təqdim edilməməsi) Abşeron Rayon İcra Hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri Şəxs tərəfindən törədilməsi qeyd olunsa da, vəzifəli şəxs qismində onun yerli icra hakimiyyəti orqanının adından belə bir funksiyanı həyata keçirmək səlahiyyətinin olub-olmaması və bu işin bilavasitə məhz onun vəzifəsinə aid olması barədə heç bir sənəd işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 394-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokola dair material Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar