Məhkəmə qərarları › İş №3(012)-45/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-45/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-45/2025 14.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Şikayət vermiş şəxs X4, Abşeron rayon Polis İdarəsi Dövlət X12 polis mayoru X3 iştirakları ilə, X4 Abşeron rayon Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 rayon Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20:25 radələrində idarə etdiyi özünə məxsus “X13” yük markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomaşınla Abşeron rayonu, Saray qəsəbəsindən Bakı şəhəri istiqamətində hərəkət edib Bakı şəhərinə getmişdir. Ertəsi gün xx.xx.2024-cü il tarixdə gündüz saat 10:00 – 11:00 radələrində mobil telefon nömrəsinə ***-***-**-** nömrəli mobil telefondan zəng gəlmiş və xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onu Abşeron rayon Polis İdarəsinin Dövlət X14 dəvət etmişlər. Orada polis mayoru Abdulsəməd Cəfərov onunla söhbət etmiş və bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20:32 radələrində o, idarə etdiyi avtomobillə Saray qəsəbəsində yerləşən “Gəncə Təndiri” çörək sexinin qarşısında qarşıdan gələn “Hyundai” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin güzgüsünü sındırıb hadisə yerindən qaçmışdır. O, bildirmişdir ki, həmin gün ona məxsus “X13” yük markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomaşını özü idarə etmiş, lakin bu hadisə barədə heç bir məlumatı yoxdur. Polis mayoru A.Cəfərov ondan tələb etmişdir ki, özünə məxsus avtomaşının hər bir tərəfinin video görüntüsünü çəkib Whatsapp vasitəsi ilə ona göndərsin. O, dərhal A.Cəfərovun dediyi kimi avtomaşının hər tərəfdən video görüntüsünü çəkib ona göndərmişdir. Təxminən 15-20 dəqiqədən sonra A.Cəfərov ona zəng vurub bildirmişdir ki, narahat olmasın, araşdırıb ona məlumat verəcəkdir. Bundan 3-4 gün sonra A.Cəfərov onun mobil telefonuna zəng vurub yenə də Abşeron RPİ-nin DYPŞ-nə dəvət etmişdir. O, çağırışa getmiş və orada A.Cəfərov ona bildirmişdir ki, hadisəni o törətmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəkdir. Bundan sonra, telefon vasitəsi ilə ona SMS məlumatı gəlmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. O, heç bir yolnəqliyyat hadisəsi törətməmiş və barəsində Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşı polis mayoru cənab A.Cəfərovun qəbul etdiyi 100 manat məbləğində cərimə edilmə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alaraq, Abşeron rayon Polis İdarəsi Dövlət X12 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun çıxış edərək, məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsi Dövlət X12 polis mayoru X5 bildirmişdir ki, 15 noyabr 2024-cü il tarixdə “X16” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abşeron rayon Polis İdarəsinə şikayət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saat 20:32 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Gəncə Təndiri” çörək sexinin qarşısında “X13” yük markalı, **-DP- *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü onun avtomobilinin güzgüsünü sındıraraq hadisə yerindən qaçmışdır. O,dərhal şikayət ərizəsini araşdırmış və “X13” yük markalı, **- DP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü müəyyən edilərək Abşeron Rayon Polis İdarəsinin Dövlət X14 dəvət edilmişdir. X2 baş vermiş nəqliyyat hadisəsini inkar etsə də, hadisə yerinin kamera görüntülərinə baxış keçirilən zaman hadisənin X8 tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Buna görə də, tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X4 barəsində Abşeron rayon Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində, saat 20:25 radələrində Saray qəsəbəsi, H.Əliyev küçəsində “X13” yük markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Şikayətinin dəlilləri işə baxılarkən təsdiq olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə görə, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə görə, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1 və 327.6-cı maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Abşeron rayon Polis İdarəsi Dövlət X15 qəbul etdiyi qərarda X4 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X8 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsinə əsaslar yoxdur. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X4 Abşeron rayon Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti əsassız olduğundan rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Abşeron rayon Polis İdarəsi Dövlət X15 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti rədd olunsun. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar