Məhkəmə qərarları › İş №3(012)-462/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-462/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-462/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə "xxxx" MMC-nin direktor müavini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokola əsasən "xxxx" MMC-nin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantılar ətraf mühit üçün yol verilən norma həddindən artıq olmuş, atmosfer havasına atılan tullantıların yol veirlən norma həddində tənzimləyən qurğunun olmamış və ekoloji normativ sənədlərin olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli 05 oktyabr 2022-ci il tarixli qərara əsasən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 03 noyabr 2022-ci il tarixli qərarı ilə Şəxs şikayətinin təmin edilməsi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktor müavini Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol törədilmiş inzibati xəta üzrə hüquqi şəxs "xxxx" MMC-nin təqsirinə hüquqi qiymət verilməsi ilə əlaqədar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1875/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin direktor müavini Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1 və 237.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-100/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)-1875/2022 saylı, 28 noyabr 2022-ci il tarixli "inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında” qərardadı və 26 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş,işə yenidən baxılması üçün materialın Abşeron Rayon Məhkəməsinə, hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları əks etdirən sənəd olaraq sübut əhəmiyyətinə malikdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında məlumatlar, o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt, xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi əks olunmalıdır. Hazırkı iş üzrə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasından ötrü onun vəzifəli şəxsinin barəsində protokol tərtib edilmişdir. Hüquqi şəxsin məsuliyyətə cəlb olunmasından ötrü İXM-nin 18.2-ci maddəsində qeyd edilən şəxslər tərəfindən inzibati xəta tərkibi yaradan hərəkətlərin törədilməsi əsas olsa da, həmin şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyə) görə hüquqi şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmalıdır. İnzibati xəta haqqında protokol ittiham yönümlü prosessual sənəd qismində çıxış etdiyindən şəxsin əməlində inzibati xəta tərkibinin olması, həmin xüsusatları əks etdirən hallar və şəxsə qarşı ittiham protokolda əks olunmalıdır. Lakin hüquqi şəxsin barəsində əməlində inzibati xəta tərkibini özündə əks etdirən protokol əvəzinə hüquqi şəxsin işçisi barəsində protokol tərtib olunmuşdur. Hər bir şəxsə qarşı inzibati xəta üzrə ittiham onu özündə ehtiva edən protokolda əks olunmalı, nəinki digər şəxslərin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 70-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "Anqard” MMC-nin direktor müavini Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları .Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 233.1, 234.0.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar