Məhkəmə qərarları › İş №3(012)-465/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-465/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-465/2024 12.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (***-***- **-**) Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 12 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 06 mart 2024-cü il tarixdə Şəxs üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov oğlu izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitələrin və psixotrop maddələri üzərində gəzdirməsi, satması və istifadəsi ilə məşğul olmasında şübhəli bilinərək, polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmiş, orada şəxsin üzərinə keçiriımiş şəxsi axtarış və götürmə zamanı 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş ekspertizanın rəyinə əsasən Şəxs üzərindən 0,58 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunmuşdur. Bununla da Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 04 mart 2024-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 10 manat müqabilində əldə edərək, istifadəsi üçün əynində olan gödəkçənin cibinə qoymuşdur. O, 06 mart 2024-cü il tarixdə Abşeron rayon Saray qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə dəvət edilmişdir. Abşeron RPİ-nin xidməti otaqlarının birində olarkən ondan saxlanılması və gəzdirilməsi qadağan edilmiş hər hansı predmet və əşya olub-olmadığı soruşulduqda o. əynində olan gödəkçənin sağ yan cibindən ağ rəngli kağız bükülüyə bükülmüş 1 ədəd narkotik vasitə olan yaşımtıl rəngli marixuananı təqdim etmişdir. Əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində tutulmuşdur. xx.xx.2024-cü il tarixli, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/381 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,58 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 0,56 qramdır xx.xx.2024-cü il tarixli 1580 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı 1981-ci il təvəllüdlü Şəxs kannabionidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda müayinə zamanı sonuncu narkamniya xəstəliyindən əzab çəkmir, narkamiyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını cəzaasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs törətdiyi əməli etiraf edərək, əməlindən çox peşman olmasını səmimi olaraq göstərmişdir. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını, onun ailədə qazanc gətirən yeganə şəxs olmasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını və Şəxs cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 200 (iki yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə keçirilmiş ekspertiza üzrə müəyyən edilmiş 72 (yetmiş iki) manat ekspertiza xərci inzibati xəta törədən Şəxs tutulub dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,56 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə və Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərarın icrası “qeydiyyata alınmasına nəzarət edilməsi” hissəsində Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar