Məhkəmə qərarları › İş №3(012)-470/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-470/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-470/2025 22.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, X1 müdafiəçisi “Alibi” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin rəis vəzifəsi müvəqqəti icra edən X21 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 müdafiəçisi “Alibi” Vəkil Bürosunun vəkili Vəkil şikayəti onunla əsaslandırdı ki, AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X21 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1808407 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X11 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri ilə təqsirli bilinərək 3000 (üç min manat) AZN məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, qəbul ediimiş qərar tam əsassızdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş, şikayətçi X5 ilə "xxxx" MMC arasında hər hansısa əmək müqaviləsi bağlanmamış, çünki şikayətçi şəxsin X4 direktoru olduğu müəssisə ilə hər hansısa bir əlaqəsi olmamışdır. X5 şikayətinə əlavə olaraq saxta imzalarla, başqalarının yerinə imza edərək guya şirkətdə işlədiyini sübut etməyə cəhd etmişdir. Lakin, "xxxx" MMC-də fəaliyyət göstərən həmin şəxslər imzaların onlara aid olmadığını, Əhliman İsmayılovun onların yerinə imza etdiyini etiraf etmişlər. Bundan əlavə, həmin şəxslər bunu şəxsən inzibati xəta haqqında protokol tərtib etmiş qurumda araşdırma zamanı da bildirmişlər. Yəni bu şəxslər Əhliman İsmayılovun şikayətində adlarını qeyd etdiyi şəxslər olmuş, onlar da Əhliman İsmayılov ilə başqa MMC-də birlikdə çalışdıqlarını, lakin "xxxx" MMC-də birgə işləmədiklərini, ümumiyyətlə Əhliman İsmayılovun bu şirkətdə çalışmadığını bildirmişlər. Həqiqətən də, digər şəxslər kimi Əhliman İsmayılov da müəssisədə faktiki olaraq işləsə idi, onunla da əmək müqaviləsi bağlanardı. Yəni bu qədər şəxslə əmək müqaviləsi bağlayan hüquqi şəxsin sırf Əhliman İsmayılov ilə müqavilə bağlamaqdan imtina etməsi inandırıcı və ağlabatan deyildir. Bir daha qeyd edir ki, şikayətçi vətəndaş "xxxx" MMC-də işləməmiş və onlara aidiyyəti olmamışdır. Ərizələrində adlarını qeyd etdiyi şəxslər də onunla tanış olan, başqa şirkətdə birgə çalışdığı şəxslər olmuşdur. Həmin şəxslərin izahatları da şikayətə əlavə edilmişdir. Maraqlıdır ki, inzibati tənbeh verən orqan həmin şəxslərin izahatlarını nəzərə almamış və qərəzli mövqe göstərmişdir. Eyni zamanda, Əhliman İsmayılovun bu şikayəti ilə bağlı prokurorluqda da araşdırma aparılmış və əsassız olduğundan məsələyə xitam verilmişdir. Yekunda qərar İXM-nin 192.1-ci maddəsinə əsasən verilmiş, bu qərarın verilməsinə əsas da Əhliman İsmayılovun şikayəti olmuş, yəni iddia edilən odur ki, bu şəxs faktiki olaraq "xxxx" MMC-də çalışsa da, onunla əmək müqaviləsi bağlanmamışdır. Son olaraq bir daha qeyd edir ki, bu şəxsin "xxxx" MMC-yə heç bir aidiyyəti yoxdur, bunu ərazi nümayəndələri və digər sakinlər də, çalışanlar da təsdiqləmişdir. Buna görə də, X4 İXM-nin 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X21 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN №1808407 nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsi olmadığından ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan bildirişi alsa da, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: İş materiallarında olan "xxxx"MMC-nin direktoru X11 barəsində tərtib olunmuş Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 192.6-cı maddələri ilə 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarına olan X6, X12, X3, X7 və X9 və digər şəxslərin "xxxx"MMC-nin direktoru X8 ünvanladıqları izahatların surətlərindən görünür ki, onlar "xxxx"MMC-də X5 ilə işləməmiş, onlar birlikdə "xxxx" MMC-də işləmişlər. Həmçinin, onlar tərəfindən X2 şikayət ərizəsinə imza edilməmişdir. Həmçinin, iş materiallarından görünür ki, eyni məsələ ilə bağlı "xxxx"MMC-nin barəsində İXM-nin 192.1 maddəsi ilə inzibati protokol üzrə Bakı şəhər Yasamal rayon Məhkməsinin 26 fevral 2025-ci il tarixli qərar ilə əsassız olaraq protokol tərtib olunduğundan iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə həmin Qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddəsində göstərilir ki, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və "xxxx"MMC-nin direktoru X11 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan izahatlardan göründüyü kimi, X13, X18, X10, X14, X15 və digər şəxslər "xxxx"MMC-də X5 ilə birgə işləməmiş, həmçinin onlar tərəfindən X2 şikayət ərizəsinə imza edilməmişdir. X2 şikayət ərizəsində qeyd olunan şəxslər tərəfindən icra edilmiş imzaların kimlərə məxsus olması məlum deyildir. Bu isə onu göstərir ki, inzibati tənbeh vermə barədə qərar qəbul edərkən işin bu halı düzgün araşdırılmamışdır. Həmçinin, iş materiallarından görünür ki, eyni məsələ ilə bağlı "xxxx"MMC-nin barəsində İXM-nin 192.1 maddəsi ilə inzibati protokol üzrə Bakı şəhər Yasamal rayon Məhkməsinin 26 fevral 2025-ci il tarixli qərar ilə əsassız olaraq protokol tərtib olunduğundan iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı ilə həmin Qərar qüvvədə saxlanılmışdır. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, "xxxx"MMC-nin direktoru X4 əməlində inzibati xəta tərkibi olmadığı sübut olunduğundan şikayət təmin edilməli, "xxxx"MMC-nin direktoru X11 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx"MMC-nin direktoru X11 barəsində Azərbaycan Respublikası ƏƏSMN yanında X17 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar