Məhkəmə qərarları › İş №3(012)-473/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-473/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-473/2025 14.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron DYP-nin polis kapitanı X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X3 iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X7 Polis İdarəsinin polis kapitanı Şirvan Abbasov tərtib edilmiş protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 03 fevral 2025-ci il tarixdə, saat 11:20 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ara məsafəsi saxlamayaraq dayanmış olan Renault Sandero markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 03 fevral 2025-ci il tarixdə, saat 11:20 radələrində etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes-Benz” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman Renault Sandero markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vuraraq, maddi ziyan vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Sona Qasımova hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasını nəzərə alaraq, yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

1. “İnzibati xəta haqqında” 04 fevral 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 03 fevral 2025-ci il tarixdə, saat 11:20 radələrində Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində ara məsafəsi saxlamayaraq dayanmış olan Renault Sandero markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs sürücülük vəsiqəsinin müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir;

2. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 03 fevral 2025-ci il tarixli 666 saylı aktdan görünür ki, Şəxs qeyd olunan inzibati xətanı törədən zaman sərxoşluq faktları aşkar olunmamışdır;

3. Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası DİN-in BDYP-in Qeydiyyat İmtahan İdarəsi tərəfindən 17 .07.2024-cü il tarixdə verilmiş AE 109239 “BC” kateqoriyalı sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və BDYPİ-nin X1 yoxlanılmış, lakin yenisi verilməmişdir.

Məhkəmə, inzibati xəta haqqında protokolda mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarına və digər sənədlərə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi nəticəsində inzibati xəta törətdiyindən o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və ədalətli hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) iş saatı hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə Abşeron rayon Vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 (on səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar