Məhkəmə qərarları › İş №3(012)-478/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-478/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-478/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron RPİ-nin DYPŞ-in inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1979-cu il tarixdə Qubadlı rayonu, Diləli Müskanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ Qarabağ Müharibəsi əlili, evli, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 01 mədən evi qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2, 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 511.1.3-cü maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində, idarə etdiyi RANGE ROVER markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray yolunda yaranmış tıxac səbəbindən yolu iki hissəyə ayıran daş səkinin üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imza etməmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin DYPŞ-in inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətmədiyini qeyd edərək, əlavə olaraq izahatında göstərmişdir ki, o, avtoxuliqanlıq etməmiş, sadəcə tələsdiyi üçün manevr qaydalarını pozmuşdur. Yekun olaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin isdinad edilən əməlləri törətmədiyini nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində, idarə etdiyi RANGE ROVER markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray yolunda yaranmış tıxac səbəbindən yolu iki hissəyə ayıran daş səkinin üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bir ədəd diskə baxış zamanı müəyyən olundu ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində, idarə etdiyi RANGE ROVER markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray yolunda yaranmış tıxac səbəbindən yolu iki hissəyə ayıran daş səkinin üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozmuş, avtoxuliqanlıq etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nin (23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddənin mətni yeni redaksiyada) 511.1.3-cü maddəsinin dispozisiyasından görünür ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlər avtoxuliqanlıq hesab olunur və həmin hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da qanunvericiliyə görə avtoxuliqanlıq növündə inzibati xətanın obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması. Buna görə də, əməlin avtoxuliqanlıq hesab olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfinin (maddədə göstərilən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozuntusuna səbəb olan hərəkət) və subyektiv tərəfinin (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Qanunun mənasına görə şəxsin əməlində yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması əlaməti mövcud deyildirsə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən hərəkətlər özü-özlüyündə avtoxuliqanlıq növündə inzibati xətanın tərkibini yaratmır. Məhkəmə, işin faktiki hallarını araşırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin (23 fevral 2021-ci il tarixli 270-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddənin mətni yeni redaksiya) 511.3-cü maddəsində bu Məcəllənin 511.1-ci maddəsində (avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə) nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuş hərəkətləri törətməmişdir. Bir sözlə, ilk növbədə hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Ona görə məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. İXM-in vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Bundan başqa iş materiallarında görünür ki, Şəxs idarə etdiyi RANGE ROVER markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Saray yolunda yaranmış tıxac səbəbindən yolu iki hissəyə ayıran daş səkinin üzərindən keçərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozduğuna görə Abşeron RPİ-in DYPŞ-si tərəfində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh edilərək, 80 manat məbləğində inzibati cərimə edilmişdir. Bu hal hazırkı iş üzrə təqdim edilmiş bir ədəd diskdə olan görüntülərdə öz əksini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında işə xitam verilir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili X3 müvafiq olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar