Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-478/2025 17.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 oğlunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxxx 2000-ci il tarixdə Abşeron rayonunun Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş 17 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(012)- 1504/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1200 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat pul tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 31 iyul 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ilə Şəxs arasında 01 avqust 2023-cü il tarixdə Abşeron rayonu 2 saylı Notariat Kontorunda imzalanmış 8İ-4491 nömrəli icra qeydinə əsasən sonuncudan tələbkarın xeyrinə 2305 manat məbləğində pul vəsaitinin tutularaq tələbkarın xeyrinə ödənilməsi müəyyən edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra sənədi ilə bağlı 03 avqust 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 03 avqust 2023-cü il tarixli qərar əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-1504/2023 saylı, 17 may 2023-cü il tarixli, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 4491 saylı, 01 avqust 2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Bundan sonra borclu icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və ona Abşeron rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarına əsasən 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Son olaraq Abşeron rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(012)-5255/2023 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 560 manat və ödənilmiş dövlət rüsumuna görə 25 manat pul tutulması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 19 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu icra sənədi üzrə tələbi icra etmədiyindən barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuş və Abşeron rayon Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərarına əsasən iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 07 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyinin icrasından qərəzli şəkildə yayınmış, barəsində həyata keçirilmiş məcburi icra tədbirləri nəticə verməmişdir. Hazırda ödənilməmiş 3197 manat borcu mövcuddur. Bu səbəbdən borclu barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilərək, bildirdi ki, o, hazırda borclu olduğu icra sənədləri üzrə tələbkara müəyyən dövrlərdə ödəniş etmişdir, lakin hazırda maddi imkanında yaranmış çətinliklərə görə borcundan vaxtlı-vaxtında ödəniş edə bilməmişdir. Qısa zaman müddətində borcunu ödəməyə çalışacağını bildirməklə, ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(012)-1504/2023 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 1200 manat və ödənilmiş dövlət rüsumuna görə 32 manat pul tutulması qət edilmişdir;
2. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 31 iyul 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Zərərçəkmiş şəxs ilə Şəxs arasında 01 avqust 2023-cü il tarixdə Abşeron rayonu 2 saylı Notariat Kontorunda imzalanmış 8İ-4491 nömrəli icra qeydinə əsasən sonuncudan tələbkarın xeyrinə 2305 manat məbləğində pul vəsaitinin tutularaq tələbkarın xeyrinə ödənilməsi müəyyən edilmişdir;
4. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra sənədi ilə bağlı 03 avqust 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
5. Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi barədə 03 avqust 2023-cü il tarixli qərar əsasən Abşeron rayon Məhkəməsinin 2(012)-1504/2023 saylı, 17 may 2023-cü il tarixli, Abşeron rayonu 2 saylı Notariat Kontorunun 4491 saylı, 01 avqust 2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir;
6. Abşeron rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(012)-2174/2023 nömrəli qərarına əsasən 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir
7. Abşeron rayon Məhkəməsinin 3(012)-2174/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarına əsasən borclu Şəxs 500 manat məbləğində cərimə edilmişdir;
8. Abşeron rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(012)-5255/2023 nömrəli icra vərəqəsinə əsasən iddia təmin edilmiş, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 560 manat və ödənilmiş dövlət rüsumuna görə 25 manat pul tutulması qət edilmişdir;
9. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 19 fevral 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə bildiriş göndərilməklə, rəsmi qaydada xəbərdarlıq edilmişdir;
10. Abşeron rayon Məhkəməsinin 3(012)-1583/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərarına əsasən iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir;
11. İcra sənədi üzrə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 07 noyabr 2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmiş, həmçinin icra məmurunun çağırışlarına gəlməyərək qərəz göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədinə əsasən öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş əlavə müddətdə icra sənədlərinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş borcun ödənilməsinə laqeydlik göstərməmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədləri üzrə uzun müddət ərzində borc miqdarından ödənişlərin olmamasını, icra sənədi barədə məlumatı olsa da, icra hərəkətləri ilə bağlı laqeydlik göstərməsini, icra məmurunun çağırışlarına gəlməkdən yayınmasını nəzərə alaraq. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov