Məhkəmə qərarları › İş №3(012)-484/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-484/2023

18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-484/2023 18.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, X1nun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, DYPİ-nin Ekologiya YPX-nin baş inspektoru polis baş leytenantı X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Ekoloji nəzarət üzrə yol-patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair Ekoloji nəzarət üzrə yol-patrul xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, 14 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası BDYPİ-in Ekologiya postundan keçərkən yol patrul xidmətinin əməkdaşı onun nəqliyyat vasitəsinə dayanma əmri vermişdir. Avtomobili dayandırmış və yol patrul xidmətinin əməkdaşı nəqliyyat vasitəsinə baxış keçirmiş və onun avtomobilinə avadanlıq quraşdırdığını iddia etmişdir. O həmin avadanlıqların quraşdırılması üçün xüsusi icazə tələb olunmadığını bildirmiş və ona inzibati tənbeh tətbiq edilməsinin əsassız olduğunu demişdir. Ancaq buna baxmayaraq ona inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş və 150 manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan narazı olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X11 nəzarəti qaydaları barədə Təlimatın təsdiq edilməsi haqqında Azərbaycan Respııbliaksının Daxili işlər Nazirliyinin Q6-001-12 saylı 16 may 2012-ci il tarixli qərarının 10.1-ci maddəsinə əsasən Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısı (Təlimata 6 №-li əlavə) Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən müəyyən edilir. Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ ilə razılaşdırılması üçün vətəndaşlar ərizə ( Təlimata 3 nömrəli əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər. Onun nəqliyyat vasitəsinə etdiyi dəyişikliklər heç bir normativ tələbi pozmamışdır. Belə ki, onun nəqliyyat vasitəmi dayandıraraq cərimə meydançasına aparan zaman hüquq mühafizə orqanlarının nümayəndələri ona şifahi bildiridiklərinə görə onun nəqliyyat vasitəsində, avtomobilin damında yük yerinin quraşdırılması və projektor- fara quraşdırılması ilə bağlı iradları olmuşdur. Yuxarıda qeyd edilən normativ qaydalardan görünür ki, onun avtomobilə əlavə etdiyi avadanlığın quraşdırılması üçün layihə sənədi tələb olunmur. Sadəcə həmin avadanlığın quraşdırılması zamanı təlimatda göstərilən müəyyən normativ tələblərə cavab verilməlidir. Bu tələblərdə elə təlimatın özündə öz əksini tapmışdır. İnzibati orqan ona inzibati tənbeh tətbiq edərkən onun nəqliyyat vasitəsinə quraşdırılmış avadanlığın hansı normativlərə uyğun gəlməməsini qeyd etməmişdir. Ümumi olaraq onun nəqliyyat vasitəsində normativ tələblərin pozulması ilə bağlı qeyd edərək onun cərimə şəklində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Ekoloji nəzarət üzrə yol-patrul xidməti tərəfindən tərtib olunmuş tərtib edilmiş protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. DYPİ-nin Ekologiya YPX-nin baş inspektoru polis baş leytenantı X6 məhkəmədə qərarın əsaslı olduğunu, ona görə də təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxsin vəkili Vəkil vəsatəti əsasında dəvət edilmiş Azərbaycan Respublikası BDYPİ-nin YPXŞ-nin dövlət avtomobil müfəttişi, polis mayoru X7 məhkəmədə bildirdi ki, TOYOTA HİLUX minik markalı, 99TO102 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində quraşdırılmış xüsusiləşdirilmiş işıqdan istifadə olunmuşdur ki, həmin işıq cihazını istehsal edən zavod tərəfindən verilmiş xarakteristikası bu işıqları ümumi avtomobillərdə istifadə edilməsini qadağan edilir. Bu avadanlıq yalnız yolsuzluq üçün nəzərdə tutulmuşdur. Cihazı istehsal edən zavod tərəfindən verilmiş texniki xarakteristikasının xəbərdarlıq hissəsində bu cihazın yolsuzluq üçün istifadə olunması qeyd olunmuşdur. Nəqliyyat vasitəsinin ümumilikdə zavod şəraitində buraxılan zaman nəqliyyat vasitəsinin işıq sistemi və işıqlanma qabiliyyəti ümumi istifadə olunan avtomobil yollarında kifayət qədər məsafəni göstərməsi üçün bu standartlardan keçir. Əlavə işıqların quraşdırılması vətəndaşın yolsuzluq şəraitində ümumiyyətlə yol işıqlanması olmayan şəraitdə nəqliyyat vasitəsini idarə etdiyi yolu işıqlanması üçün istifadə olunur. Nəqliyyat vasitəsinin sahibi hobbi üçün nəqliyyat vasitəsini öz hobbisinə uyğun olaraq xüsusiləşdirir. Bununla bağlı qeydiyyat məntəqəsində heç bir qeydiyyat aparmayıb ki, bu nəqliyyat vasitəsini xüsusiləşdirib. Sürücü normativ tələbləri pozmaqla öz hobbisinə uyğun nəqliyyat vasitəsini xüsusiləşdirib. Ona görə də hesab edir ki, sürücü barəsində qəbul edilmiş qərar əsaslıdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Ekoloji nəzarət üzrə yol-patrul xidmətinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 idarə etdiyi TOYOTA HİLUX MİNiK markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəməyə Ekoloji nəzarət üzrə yol-patrul xidmətindən təqdim edilmiş Toyota Abşerondan daxil olmuş məktubdan görünür ki, 14 İyun 2023-ci il tarixli şifahi müraciətiniz əsasında təqdim edilən MR0FR22G0D0703143 ban nömrəli Toyota Hilux markalı, 99TO102 dövlət qeydiyyat nişanlı avtomobilin şəkillərinə əsasən rəy bildirməklə qeyd etmək istərdi ki, şəkildə qeyd edilən avtomobilin ön hissəsi istehsal tarixinə və modelinə uyğun deyil. Daha çox 2016-2017-ci illərə uyğundur. Avtomobilə quraşdırılmış əlavə aksesuara gəldikdə, damın üzərində quraşdırlmış olan işiq aksesuarları və disklər Toyota ehtiyat hissələr kataloqunda mövcud deyil. Bu səbəbdən güman edir ki, yuxarıda qeyd olunan aksesuarlar qeyri original sayıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Halbuki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 16 may 2012- ci il tarixli, Q6-001-12 N-li qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X11 nəzarəti qaydaları barədə Təlimatın” 6.1.1 və 6.1.2-ci bəndlərində qeyd edilir ki, Azərbaycan Respublikası DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat vermək, layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq vermək kimi vəzifələri də yerinə yetirir. Həmin Təlimatın 8.1-ci bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət DYP-nin stasionar və diaqnostik postlarında texniki nəzarət ölçü cihazlarının, eləcə də belə cihazlarla avadanlıqlaşdırılmış nəqliyyat vasitələrinin tətbiqi ilə həyata keçirilir. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət "Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət edilməklə aparılır. Texniki nasazlığı aşkar müşahidə olunan və texniki vəziyyəti "Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində göstərilən tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılaraq müvafiq qaydada müayinə olunur. Həmin Təlimatın 9.1-ci bəndinə əsasən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ hüquqi aktlara uyğun olaraq yeni layihələndirilən nəqliyyat vasitələri, həmçinin istismarda olan və qabaritləri, çəki ölçüləri, tormoz sistemi, sürücü və sərnişinlərin oturacaq yerləri, işıq siqnalları və cihazları, sükan idarə mexanizmi yenidən quraşdırılan nəqliyyat vasitələrinin konstruksiyasına nəzarət texniki tapşırığın, texniki layihənin, nəqliyyat vasitəsinin sınağı və istehsala qəbulu, texniki şərtlərin razılaşdırılması mərhələlərində aparılır. Həmin Təlimatın 9.3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sınağını və istehsala qəbulunu sınaq məmulatı hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar həyata keçirməlidir. Sınağın keçiriləcəyi yer komissiya tərəfindən müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin təhlükəsizliyi üzrə elmi-tədqiqat institutlarının və ya laboratoriyalarının, həmçinin məmulata layihə sənədlərinin razılaşdırılması mərhələsində nəzarət edən DİN BDYPİ-nin əməkdaşları daxil edilir. Həmin Təlimatın 9.4-cü bəndinə əsasən sınaqların nəticəsi üzrə qəbul komissiyası müəyyən olunmuş formada protokol və qəbul aktı tərtib edir. Nümunələrin sınaqlara davam gətirmədiyi hallarda protokola, akt imzalanana qədər konstruksiyanı təkmilləşdirmək barədə təkliflər yazılır. Konstruksiyaların yenidən işlənmiş tərkib hissələri təkrar sınaqdan keçirilir. Həmin Təlimatın 9.5-ci bəndinə əsasən texniki şərtlər razılaşdırılarkən layihə təşkilatlarına istehsal olunan məmulatın istismara buraxılması üçün əsas hesab edilən konstruksiyaların razılaşdırılması barədə şəhadətnamə (Təlimata 2 nömrəli əlavə), xüsusi təyinatlı minik avtomobilləri üçün isə əlavə olaraq avadanlığın quraşdırılması sxemi verilir. Təlimatın sadalanan tələblərindən də göründüyü kimi nəqliyyat vasitələrinə əlavə avadanlıqların konstruksiyalarının quraşdırılması qaydası müəyyən edilir, standartların tələbinə uyğun olmayan, layihə sənədləri düzgün hazırlanmayan və ya çatışmazlıqlar olan və yaxud Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmayan sənədlər əsasında hazırlanan nəqliyyat vasitələrinin istismarına icazə verilmir və qeydiyyata alınmır. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, X4 idarə etdiyi TOYOTA HİLUX MİNİK markalı, ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində əlavə avadanlıq quraşdırılması halı səlahiyyətli orqanın nümayəndəsi olan yol-patrul xidməti inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarla X4 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Toyota Hilux markalı, 99TO102 dövlət qeydiyyat nişanlı avtomobildə avtomobilin ön hissəsi dəyişdirilməklə istehsal tarixinə və modelinə uyğun olmayan 2016-2017-ci il buraxılış ili olan Lexus markalı avtomobillə uyğunlaşdırılmışdır. Bundan başqa avtomobilin üzərində əlavə aksesuar quraşdırılmışdır, damın üzərində quraşdırlmış olan işiq aksesuarları və disklər Toyota ehtiyat hissələr kataloqunda mövcud deyildir. Həm də məhkəmədə müəyyən edilmişdir ki, qeyd edilən avtomobil xüsusiləşdirilmiş yolsuzluq avtomobillər kateqoriyasına aid deyil və qeyd edilən dəyişiklikləri əyləncə üçün dəyişdirmiş və quraşdırmışdır. Ona görə də məhkəmə hesab edirəm ki, X4 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 342.2.2-ci maddəsilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Ekoloji nəzarət üzrə yol-patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunmasın. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Ekoloji nəzarət üzrə yol-patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar