Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-484/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 25888599 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 25888599 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ25888599 nömrəli elektron qərarla AR İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində ona məxsus “MAN” markalı 01CR632 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozmamışdır. O inzibati xəta haqqında qərarla razı olmamağını bildirmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Yerüstü Agentliyinə rəsmi müraciət etmişdir. İdarə etdiyi “MAN” markalı 01CR632 dövlət nömrə nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 23:54 radələrində Qubadan Bakı istiqamətinə gedərkən tərəzi qəbzi əsasında yükün 39340 kq olduğu halda ona əsassız olaraq 600 manat cərimə olunmuşdur. xx.xx.2025-ci il tarixdə saat 23:52 radələrində qeyd olunan yük maşınına qum çınqıl vurulmuş və tərəziyə çıxaraq 39340 kq çəkisi olduğu ilə bağlı 32524 saylı tərəzi qəbzi verilmişdir. Həmin tərəzinin 0965/25 nömrəli sertifıkatı mövcuddur. X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli onun barəsində inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır. Qeyd olunan tərəzidən Şabran rayon ərazisində olduğu halda oradan keçdiyi zaman orada olan tərəzi çəkməmiş, nəyə görə Giləzi ərazisində artıq çəki göstərilmişdir. X8 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli “MAN” markalı 01CR632 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət edilmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, qərarından şikayət edilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və eyni zamanda işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə qərarından şikayət edilmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ seriyalı, 25888599 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, “MAN” yük markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X5 tərəfindən M-1 65.1 km-də xx.xx.2025-ci il tarixdə, saat 02:46:57-da Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şikayətçinin təqdim etdiyi tərəzi qəbzindən müəyyən edilir ki, nəqliyyat vasitəsinin giriş vaxtı xx.xx.2025-ci il, saat 23:52:26 dəqiqədə, çıxış vaxtı isə xx.xx.2025-ci il, saat 23:54:41 dəqiqədir. Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinə məxsus olan 3C:E4:B0:F0:8C:F1 nömrəli kamera ilə müəyyən olunmuşdur ki: Xətanın növü: 353.2-ci; Xətanın yeri: M-1 65.1 km, Xızı rayonu Giləzi kəndi, Bakı istiqaməti; Tarix: xx.xx.2025; saat 02:46:57; Qeydiyyat nömrəsi: ** CR ***, avtomobilin markası: MAN TGA 18;440 maksimum kütlə: 40000; faktiki kütlə: 43630 kq-dır. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər.” Həmin Qanunun 57-ci maddəsinin İ hissəsinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il taruxli 104 saylı qərarına əsasən Nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava və ya ona ekvivalent asqıya malik olan avtomobilə icazə verilən ümumi kütlə 42 ton nəzərdə tutulmuşdur. O da nəzərə alınmalıdır ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti yol örtüyünün vaxtından əvvəl zədələnməsinə, deformasiyasına və infrastrukturun dağılmasına səbəb olur. Bu, yalnız yolun keyfiyyətinə deyil, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təhdid yaradır. Belə ki, həddindən artıq yüklənmiş nəqliyyat vasitələrinin əyləc məsafəsi uzanır, manevr qabiliyyəti zəifləyir və qəza riski artır. Eyni zamanda, körpü və digər mühəndis qurğularına əlavə yük düşdüyündən, onların daşıma qabiliyyəti azalır və qəza halları baş verə bilər. Buna görə də, icazə verilən çəki hədlərinə riayət edilməsi, həm yol infrastrukturunun qorunması, həm də ümumi hərəkət təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şikayətçi tərəfindən məhkəməyə inzibati xəta hadisəsini istisna edən sübut qismində təqdim olunmuş foto görüntülərin özü ilə də təsdiq olunur ki, X4 məxsus “MAN TGA YÜK” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki göstəriciləri üzrə icazə verilən maksimal kütləsi 40000 kq nəzərdə tutulmuş və icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin icazə verilən ümumi kütlə üzrə 5 faiz və daha artıq yükləməklə aşma imkanı halında “MAN TGA YÜK” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yükünün 43630 kq olması aşkar edilmişdir. Lakin normanın tələbindən göründüyü kimi, həmçinin oxa düşən yükün kütləsinin üzrə 5 faiz və daha artıq olmasına görə məsuliyyət müyyən olunmuş qeyd edilən nəqliyyat vasitəsinin oxlarına düşən yükün kütləsi icazə verilən yükün kütləsini aşaraq tələblərin pozulması müəyyən olunmuşdur. X1 şikayətində elektron tərəzinin qeyri-dəqiq ölçdüyü, Şabran rayon ərazisində olan tərəzidə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması müəyyən edilmədiyi və yükün normaya uyğun olduğu barədə irəli sürdüyü dəlillər iş materialları ilə sübut olunmadığından, həmçinin tərəzinin nasaz olması və ya yanlış ölçmə aparması barədə heç bir sübut olmadığından həmin dəlillər əsassız hesab edilməldir. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında qərar qəbul etmiş etmiş orqan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-85-ci maddələrinin tələblərinə əməl edərək inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsi). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2025-ci il tarixli EQ seriyalı, 25888599 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X5 barəsində Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ seriyalı, 25888599 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-484/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-484/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver