Məhkəmə qərarları › İş №3(012)-489/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-489/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-489/2021 15.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi ilə Şikayət verən X1 müdafiəçisi -vəkil «Femida» Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN0482222 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN0482222 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X1 müdafiəçisi -vəkil «Femida» Vəkil Bürosunun vəkili X5 bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X6 MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli qərarına əsasən X4, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək 3000 (üç min) manat məbləğində cərimələnmiş, inzibati tənbeh vermə haqqında sözügedən qanunsuz qərarda guya X4, Böyükşor gölünün çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati xəta törətmiş və buna görə məsuliyyət daşıyır. Qərara əsasən X8, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirləndirilsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. Halbuki, X4 həmin günü pandemiya ilə əlaqədar icarəyə götürdüyü sexi işlətməmiş və işi dayandırmışdır, Sadəcə arada gələrək dəzgahların sıradan çıxmaması üçün onları işə salmış, həmçinin Daş sexində istifadə olunan sular mənşə etibarilə zərərli sular hesab edilmir. Əksinə, həmin daşlardan su təmizləyici qurğularda istifadə olunur. Eyni zamanda suya qarışan daş tozu belə ağır olduğu üçün çirkli sularla qarışdıqda təmizləyici funksiya daşıdığını, X4 həmin sexin sahibi olmadığını və bu baxımdan hansı əsaslarla inzibati məsuliyyətə cəlb edildiyini anlamadığını bildirdi. Sonda şikayət verən şəxsin müdafiəçisi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş, MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə şikayət ərizəsinə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş, MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına və digər iş materiallara baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X4 barəsində tərtib olunmuş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN0482222 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, X4 gölün çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan Böyükşor gölünün kənarında yerləşən daş sexini icarə müqaviləsi bağlamadan icarəyə götürüb işlətməsi və zərərli suları gölə axıtmasına görə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21.08.2020-ci il tarixli, MN0482222 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, inzibati xətanın törədilməsində Azərbaycan Respublikası İXM-nin 233.1 və 264.0.1-ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 hüquq və vəzifələrinin izah edilməsi və ya onun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasını təsdiq edən heç bir qeyd olmamışdır. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, qərara əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirləndirilsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. X4 həmin günü pandemiya ilə əlaqədar icarəyə götürdüyü sexi işlətməmiş və işi dayandırmışdır, Sadəcə arada gələrək dəzgahların sıradan çıxmaması üçün onları işə salmış, həmçinin Daş sexində istifadə olunan sularin zərərli su olmasına dair işdə heç bir sübut yoxdur. Belə ki, mənşə etibarilə zərərli suların müəyyən edilməsi labarator müayinəsi və ya ekspertiza müayinəsi ilə müyyən edilməsi nəticəsində müəyyən edilməli olduğu halda hımin sudan nümunələr götürülərək müayinə aparılması barədə iş materiallarında heç-bir sübut yoxdur. Məhkəmə onu da qeyd edir ki, X4 həmin sexin sahibi deyildir və bu baxımdan hansı əsaslarla inzibati məsuliyyətə cəlb edildiyi anlaşılmır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda və ya qərarda göstərilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun hüququ pozulmuşdur. Həmçinin iş materiallarında aparılan yoxlamanın qanuni əsaslarla aparılıbaparılmasını təsdiq edən heç-bir sübut yoxdur. Belə ki, Belə ki, ətarf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində nəzarət təsərrüfat və başqa fəaliyyətlərin təsiri nəticəsində ətraf mühitin dəyişməsinin müşahidə edilməsi, onun sağlamlaşdırılması və mühafizəsi, təbii resursların bərpası və səmərəli istifadəsi, keyfiyyət normativlərinin və ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində dövlət, müəssisə (istehsalat) və ictimai nəzarət həyata keçirilir. Həmin Qanunun 71-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Dövlət nəzarəti həyata keçirilərkən müvafiq icra hakimiyyəti orqanlarının, qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüquqları vardır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayılması ilə bağlı aparılan yoxlamalar plandankənar (növbədənkənar) yoxlama hesab olunur. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir.Göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Məhkəmə hesab edir ki, qeyd edilən materialda inzibati xəta törədilməsi ehtimal olunan inzibati xətada hüquqi şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyənləşdirməkdən ötrü məhkəməyə təqdim olunmuş sübutlar, hüquqi şəxs tərəfindən verilmiş şikayətində qeyd olunan xüsusatlar, yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından araşdırılmalı, onların mötəbərliliyi yoxlanıldıqdan sonra material üzrə qəti qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Ona görə də, məhkəmənin fikrincə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinin tələblərini pozaraq işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün lazımi tədbirlər görmədiyindən, hazırki inzibati xəta haqqında iş üzrə qərarı işin hallarının tam və hərtərəfli şəkildə araşdırılmaması ilə bağlı əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından səlahiyyətli vəzifəli şəxs 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş, MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş, MN № ******* saylı, 21 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar