Məhkəmə qərarları › İş №3(012)-490/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-490/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-490/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, X2 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə daxil olmuş protokoldan görünür ki, xx.xx.2025-ci il, saat 14:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ünvanında yerləşən “Çaça restoran” adlı obyektin üzərində ümumi sahəsi 8,15 m2 olan reklam daşıyıcılarını açıq məkanda icazə sənədi olmadan yerləşdirmiş və yayımlamaqdadır. Bu əmələ görə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən da Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ünvanında yerləşən və X2 fəaliyyət göstərdiyi “Çaça restoran” adlı sahibkarlıq obyektinin fasadında müvafiq icazə olmadan 8,15 m2 reklam yerləşdirilməsi müəyyən olunmuş və bu barədə qanunvericiliyin tələbinə uyğun olaraq “Çaça restoran” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X4 barəsində xx.xx.2025-ci il tarixdə akt tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə yazılı göstərişlə göndərilsə də həmin göstəriş şəxsin ünvanına çatmamış və zərf formasında geri qayıtmışdır. Daha sonra xx.xx.2025-ci il tarixli bildirişlə sahibkara barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmiş və 13 fevral 2025-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ünvanında yerləşən “Çaça restoranı” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X4 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilmiş və protokolun surəti şəxsə göndərilmişdir. Odur ki, X4 barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahatında göstərmişdir ki, həmin obyektin sahibi deyil və icarə əsasında işlətmişdir. Bundan başqa həmin obyektdə fəaliyyət göstərmədiyini və VÖEN-nin fəaliyyətini müvəqqəti dayandırdığını bildirdi. Barəsində inzibati xəta haqqında icraatın başlamasından gec məlumatı olduğu üçün səlahiyyətli orqana müvafiq sübutları təqdim edə bilmədiyini bildirdi. Zəruri sənədləri məhkəməyə təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 09 yanvar 2025-ci il tarixli, 000035 saylı “Akt”dan görünür ki, Sumqayıt Regional Reklam İdarəsinin əməkdaşları X6 və X3 tərəfindən ünvan 1 ünvanında yerləşən obyektin sahibkarı X4 fəaliyyət göstərdiyi ““Çaça restoran” adlı sahibkarlıq obyektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin tələblərini pozaraq açıq məkanda ümumi ölçüsü fasad 5,75 m2, monitor 2,4 m2 olan reklam daşıyıcıları yerləşdirib və yayımlamaqdadır. İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, X4 barəsində xx.xx.2025-ci il tarixli tərtib olunmuş akt və xx.xx.2025-ci il tarixli yazılı göstəriş X2 ünvanına (Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi) göndərilsə də həmin zərf “ünvan tam deyil” statusu ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, müqavilə bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin qeyd olunan yazılı göstəriş məktub vasitəsilə X2 ünvanına (Abşeron rayon, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi) göndərilsə də həmin məktub şəxs tərəfindən alınmamış və zərf formatında səlahiyyətli orqana geri qayıtmışdır. Sonradan isə Elçin Salmanova yazılı göstəriş barədə heç bir rəsmi məlumat verilməmiş (iş materiallarında bu halı təsdiq edən mötəbər sübut müəyyən edilmədi) daha sonra onun barəsində inzibati xəta haqqında araşdırma aparılması barədə rəsmi bildiriş göndərilmiş, lakin şəxs iştirak etmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol onun ünvanına rəsmi qaydada göndərilmişdir. Qeyd olunan inzibati xəta haqqında araşdırma barədə məlumat və protokolun surəti isə onun ünvanına rəsmi qaydada göndərilmiş və Elçin Salmanov tərəfindən “xəbərnaməyə” qol çəkilərək təhvil alınmışdır. Lakin Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin dispozisiyasına əsasən reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə şəxs barəsində tənbeh tədbiri tətbiq edilə bilər. Lakin qeyd olunan yazılı göstəriş Elçin Salmanov tərəfindən təhvil alınmamış və yaxud bu barədə ona rəsmi məlumat verilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə olduğu halda sonuncunun əməlində inzibati xəta tərkibinin olması, onun İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, X2 əməlində qeyd edilən maddənin tərkib əlamətləri olmadığı iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar