Məhkəmə qərarları › İş №3(012)-506/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-506/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-506/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Vəliyeva Nərmin Elçi qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 fevral 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən 13.03.2019-cu it tarixli **********244 sorğu nömrəli gömrük bəyannaməsi ilə 174 ədəd pivə daşınması üçün çəlləklər müvəqqəti idxal xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. 174 ədəd çəlləkdən 140 ədəd çəllək geri qaytarılmışdır və 34 ədəd çəllək üçün nəzərdə tutulmuş müvəqqəti idxal müddətinin uzadılması üçün "xxxx" MMC tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 24/24/000248 nömrəli, 21.01 2022-ci il tarixli muraciət ərizəsi yazılmışdır. Müraciət ərizəsinə əsasən müvəqqəti idxal müddəti 01.02.2022-ci il tarixədək uzadılmışdır. Nəzərdə tutulmuş müddətin başa çatmasına baxmayaraq "xxxx" MMC tərəfindən çəlləklərin geri qaytarılması və digər prosedurda rəsmiləşdirilməsi üçün heç bir müraciət olmamışdır. İnzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvəqqəti idxal müddətinin uzadılması üçün 28.02.2022-ci il tarixində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edilmişdir. Qeyd olunan faktla bağlı Aksizli mallar üzrə Baş Gömrük idarəsi Əməliyyat və Təhqiqat Şöbəsi, Təhqiqat Bölməsində 28.02.2022-ci il tarixdə, 14000-0140/22 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Beləliklə, Azəriş LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 34 ədəd çəllək verilmiş müddət ərzində geri qaytarılmamış, verilmiş müddətin uzadılması ilə bağlı 1 (bir) ayadək müddətə gecikməklə müraciət etmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC–nin nümayəndəsinin iştirakı protokol tərtib olunarkən təmin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmədə bildirdi ki, şirkət tərəfindən çəlləklər müvəqqəti idxal gömrük proseduranda yerləşdirilmişdir. Müddət başa çatmışdır şirkətin mühasibinin səhlənkarlığı nəticəsində müddətə nəzarət edilməmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar